SİYASƏT


Azərbaycan multikultural mühitin kök saldığı bir ölkədir

Roma, 17 dekabr, AZƏRTAC

İtaliyanın “İl Giornale” xəbər portalı Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, tanınmış yazıçı Kamal Abdullayevin müsahibəsini yayıb.

K.Abdullayev müsahibəsində “Yarımçıq əlyazma” romanından, Azərbaycanda mövcud olan multikulturalizm ənənələrindən və digər məqamlardan danışıb. Diqqətə çatdırıb ki, bu əsərin İtaliyada çox böyük maraqla qarşılanmasının əsas səbəblərindən biri Azərbaycan və İtaliya xalqlarının qədim dövrlərdə yaşamış qəhrəmanları, mifik obrazları arasında oxşarlıqların olması ilə bağlıdır. K.Abdullayev deyib: “Bu əsərdə “Kitabi-Dədə Qorqud” eposunun əsas obrazlarının, Azərbaycan xalqının böyük hörmət və sevgi bəslədiyi qəhrəmanların həyat tərzi, ənənələri, hissləri, sevgisi, dostluğu və digər xüsusiyyətləri əks olunub. Romanda “Dədə Qorqud” hekayətlərinin ilk və yarımçıq layihəsi təqdim edilib”.

Azərbaycanın multikultural mühitin kök saldığı bir ölkə olduğunu deyən Dövlət müşaviri burada müxtəlif dinlərin nümayəndələrinin, etnik azlıqların sülh şəraitində yaşadıqlarını diqqətə çatdırıb: “Ərazilərimizin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Lakin bölgədə cərəyan edən bu mənfi prosesə baxmayaraq, biz multikulturalizm siyasətini həyata keçirməyə və təbliğ etməyə davam edirik. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, müasir dünyada multikulturalizmin alternativi yoxdur”.

K.Abdullayev qeyd edib ki, Azərbaycan enerji sektorunun sürətlə inkişaf etdiyi bir ölkədir. Bununla belə, ölkəmizdə “Qara qızılın insan kapitalına çevrilməsi” istiqamətində mühüm işlər görülür. Neftdən gələn gəlirlər əhalinin rifah halının yüksəlməsinə sərf olunur: “Biz öz zənginliyimizi eyni zamanda digərlərinə kömək etmək üçün istifadə edirik. Azərbaycan tərəfindən bir sıra ölkələrdə humanitar və mədəni layihələr həyata keçirilir. Bütün bunlar bizim digər xalqlara və dinlərə necə hörmətlə yanaşdığımızı göstərir”.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.