Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Nərgiz Paşayeva: Məqsədimiz Azərbaycan elminin dünya müstəvisinə çıxa bilən platformadan çıxış etməsinə nail olmaqdır

Oksford, 19 dekabr, AZƏRTAC

2013-cü il Azərbaycan elminin tarixində mühüm bir sənədin imzalanması ilə əlamətdar oldu. Belə ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva ilə Oksford Universiteti arasında birgə təşəbbüsün nəticəsi olaraq 2013-cü il oktyabrın 28-də Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılmasına dair Anlaşma Memorandumu imzalandı. 2013-cü ilin yayında universitetin Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın britaniyalı alimlərlə görüşü zamanı məlum oldu ki, Oksford Universitetində Azərbaycan ədəbiyyatı, tarixi və dili haqda demək olar heç bir məlumat, araşdırmalar, tədris vəsaitləri yoxdur və fənlər tədris olunmur. Bununla belə, universitetdə gürcü və erməni dilləri öyrənilir.

MDU-nun Bakı filialının rektoru britaniyalı alimlərlə müzakirələr zamanı təklif edib ki, Oksford Universitetinin nəzdində Elmi Mərkəz açılsın və bu Mərkəz gələcəkdə universitetin bir hissəsi kimi tanınsın, elmi fəaliyyət göstərsin və gələcək nəsillər bundan istifadə edə bilsinlər. N.Paşayeva Mərkəzə Nizami Gəncəvinin adının verilməsini təklif edib. Britaniyalı alimlər Oksford Universitetində Nizami Gəncəvinin fars şairi kimi tədris edildiyini vurğulasalar da, professor Nərgiz Paşayeva Nizaminin simasında qurucu, birləşdirici bir şəxsiyyət gördüyünü bildirib: “Mən Nizaminin şəxsində millətləri ayıran, etnik fikirləri bir-birinə qarşı qoyan bir sima görmürəm. Nizaminin simasında fərqli fikirləri və yanaşmaları bir araya gətirən böyük düha, bəşəri bir sima görürəm. Razılığa gəlsək, işimizi bu prinsiplə, bu siyasətlə, bu yanaşma ilə aparacağıq. Mənə təklif etdilər ki, bəlkə Mərkəzə Füzulinin adı verilsin. Mən dedim ki, əlbəttə, Füzuli dahi şairdir, belə yüksək müstəvidə elmi mərkəzin adına layiq böyük simadır. Lakin mən çox xahiş edirəm ki, Mərkəzin adını dəyişməyək, Nizaminin adına olsun”.

Qeyd edək ki, qədim tarixi və zəngin ənənələri ilə məşhur olan Oksford Universiteti Böyük Britaniyanın Oksfordşir qraflığında yerləşir. Universitet barədə ilk yazılı məlumatlar XI əsrə - 1096-cı ilə aiddir. Oksford təkcə universitet deyil, həm də böyük bir elmi tədqiqat mərkəzidir. Birləşmiş Krallığın ən böyük elmi kitabxanası burada yerləşir. Böyük Britaniyanın 26 Baş naziri, 30 beynəlxalq lider, 50 Nobel, 120 Olimpiya mükafatçısı məhz Oksford Universitetini bitirib. Hazırda universitetdə 22 minə yaxın tələbə təhsil alır.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri professor Nərgiz Paşayeva ötən il oktyabrın 28-də dünyanın ən qədim və nüfuzlu ali məktəblərindən olan Oksford Universitetində olub. Professor N.Paşayeva universitetin şərqşünaslıq fakültəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı və elmi irsi haqqında elmi seminarda məruzə ilə çıxış edib. Çıxış böyük maraqla qarşılanıb və geniş fikir mübadiləsinə səbəb olub. Seminarda Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun İranşünaslıq bölməsinin rəhbəri professor Edmund Herzig, habelə həmin fakültənin ərəb dili və ədəbiyyatı üzrə professoru Culiya Brey, fars dili və ədəbiyyatı üzrə doktoru Dominik Brukşo, klassik ərəb ədəbiyyatı üzrə professor Geert Yan van Gelder, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun və Nyu-York Universitetinin Antik Araşdırmalar Mərkəzinin professoru Robert Hoyland, şərqi xristianlıq bölməsinin professoru Teo van Lint və türk dili və ədəbiyyatı üzrə doktor Loran Minyon, eləcə də Bodleyn kitabxanasında şərqşünaslıq departamentinin rəhbəri doktor Gilyan Evison, Aşmolean muzeyinin İslam incəsənəti qalereyasının kuratoru doktor Françeska Leoni, Bodleyn muzeyində Yaxın Şərq və İslam əlyazmalarının kuratoru doktor Alastar Vatson iştirak ediblər.

Bu tədbirə professor Nərgiz Paşayevanın dəvəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, şərqşünas-alim, BDU-nun ilahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev də qatılıb. Professor N.Paşayeva alimlərin suallarını cavablandıraraq çıxışını bu cür yekunlaşdırıb: “Bizim iki qürur mənbəyimiz varsa, onlardan biri Nizami Gəncəvidir”.

Mərkəz Azərbaycanın və onun yerləşdiyi Qafqaz regionunun tarixi və mədəniyyətinin öyrənilməsi üzrə Böyük Britaniyada Oksford Universitetinin nəzdində Azərbaycanın təmsil olunacağı ilk elmi-tədqiqat ocağıdır. Nizami Gəncəvinin adını daşıyan bu elmi mərkəz, Azərbaycanın ədəbi, elmi, tarixi irsinə və mədəniyyətinə aid uzunmüddətli elmi-tədqiqat layihələrini, müxtəlif mədəni və ictimai tədbirlərin, müntəzəm surətdə ictimai elmi mühazirələrin və müzakirələrin aparılmasını və digər tədbirlərin həyata keçirilməsini məqsəd olaraq qarşısına qoyur. Mərkəz Oksford Universitetində Azərbaycandan və həmçinin digər ölkələrdən müxtəlif ixtisas sahələri üzrə tələbə və akademik proqramlarını həyata keçirməyi də nəzərdə tutur.

Anlaşma Memorandumunun imzalanmasının ardınca Oksford Universitetinin rəhbərliyi adından qonağın şərəfinə universitetin qədim Krist Çörç kollecində görüş təşkil edilib. İşgüzar səfər zamanı Oksford Universitetinin təhsil imkanları və burada həyata keçirilən təlim-tədris prosesi ilə tanış olan professor Nərgiz Paşayeva universitetin Şərqşünaslıq İnstitutunun İranşünaslıq bölməsinin rəhbəri professor Edmund Herzig və Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun və Nyu-York Universitetinin Antik Araşdırmalar Mərkəzinin professoru Robert Hoylandın müşayiəti ilə dünyanın qədim və ən nüfuzlu universitetləri sırasına daxil olan bu təhsil ocağının nəzdində fəaliyyət göstərən məşhur Aşmolean muzeyində onun üçün təşkil edilmiş İslam və Qədim Yaxın Şərq zallarına baxış keçirib. Sonra Oksford Universitetinin və dünyanın ən qədim və zəngin kitabxanalarından hesab olunan məşhur Bodleyn kitabxanasını ziyarət edərək, burada Orta əsrlər dövrünə aid bir sıra dünya, xüsusilə Şərq klassiklərinin, o cümlədən Nizami Gəncəvinin əsərlərinin əlyazmaları və onlara aid illüstrasiyalarla tanış olub. Bu məqsədlə Oksford Universitetinin rəhbərliyinin təşəbbüsü ilə muzeydə qonaq üçün xüsusi ayrılmış Hersoq Hemfri zalında Nizami Gəncəvinin əsərlərindən ibarət nadir əlyazma nüsxələri və dahi şairin “Xəmsə”sinə aid müxtəlif illüstrasiyalar nümayiş etdirilib. Daha sonra Oksford Universitetinin adından professor Nərgiz Paşayevaya Nizami Gəncəvinin “Xəmsə”sinin XVI əsrə aid əlyazmasının elektron surəti təqdim olunub. Öz növbəsində Nərgiz Paşayeva kitabxanaya Azərbaycan tarixi və mədəniyyətinə aid kitablar hədiyyə edib.

2013-cü il noyabrın 21-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında “Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq elmi mərkəzi” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə Baş nazirin müavini, Xalq Yazıçısı Elçin Əfəndiyev, AMEA-nın tanınmış alimləri, tarixçilər, şərqşünaslar, linqvistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Nərgiz Paşayeva qonaqların diqqətinə çatdırıb ki, belə bir Mərkəzin yaradılmasında əsas məqsədlərdən biri sovet dövründə beynəlxalq aləmdə özünü yetərincə anlatmayan, büruzə verməyən və sübut etməyən Azərbaycanın elmini tanıtmaqdır: “Bu boşluğun obyektiv səbəbləri o idi ki, sovet dönəmində heç bir ictimai-humanitar elm sistemi senzuradan azad şəkildə fəaliyyət göstərə bilməzdi. Ümumiyyətlə, tarix, şərqşünaslıq, ədəbiyyatşünaslıq kimi elmlər həmişə təzyiq altında idi və elmi kitablar, əsərlər rus dilindən savayı heç bir Avropa dillərinə yüksək səviyyədə tərcümə edilməyib”.

N.Paşayeva qeyd edib ki, Azərbaycan alimlərinin, şərqşünaslarının, türkoloqlarının dəyərli əsərləri var: “Bu əsərlər Oksford Universitetində tədris edilən kitablardan - almanların, ingilislərin, fransızların yazdıqları kitablardan elmi tutumuna görə az əhəmiyyətli deyildir”.

Bu il iyul ayının 21–də professor N.Paşayevanın dəvəti ilə Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun İranşünaslıq bölməsinin rəhbəri professor Edmund Herzig, institutun ərəb filologiyası və ərəbşünaslıq üzrə müəllimi doktor Culyan Foltles, Şərqşünaslıq İnstitutunun və Nyu-York Universitetinin Antik Araşdırmalar Mərkəzinin professoru Robert Hoyland ilə Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında olublar. Burada keçirilən görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, digər tanınmış elm və ictimai-siyasi, mədəniyyət xadimləri iştirak ediblər. Səfər çərçivəsində Oksford Universitetinin alimləri Nazirlər Kabinetində Baş nazirin müavini, Xalq Yazıçısı Elçin Əfəndiyev ilə görüşüblər.

Baş nazirin müavini dünyanın ən qədim və nüfuzlu təhsil ocaqlarından sayılan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılmasını Azərbaycan ədəbiyyatına və mədəniyyətinə verilən ən böyük qiymət kimi dəyərləndirib. Elçin Əfəndiyev bu əlamətdar hadisənin Azərbaycan dili, ədəbiyyatı, tarixi, mədəniyyəti ilə yanaşı, gələcək nəsillərin elmi potensialının zənginləşdirilməsi baxımından xüsusi önəm daşıdığını söyləyib.

Görüşdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva Oksford Universiteti ilə əməkdaşlığın gözəl nəticələr verəcəyinə əminliyini qeyd edib.

Uğurlu əməkdaşlığın davamı olaraq professor Nərgiz Paşayeva bu il dekabrın 4-də Oksford Universitetinin dəvəti ilə Böyük Britaniyaya səfər edərək, burada universitetin nüfuzlu alimləri ilə görüşlər keçirib. Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun və Nyu-York Universitetinin Antik Araşdırmalar Mərkəzinin professoru, Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq elmi mərkəzinin Böyük Britaniya tərəfdən rəhbəri Robert Hoyland ilə görüş zamanı mərkəzin fəaliyyətindən, görüləcək işlərdən, eləcə də qarşılıqlı maraq doğuran məsələlərdən bəhs edilib. Görüşə qatılan Saint Cross kollecinin rəhbəri, Albert və Viktoriya muzeyinin direktoru vəzifəsində on il çalışmış ser Mark Cons professor Nərgiz Paşayevanı salamlayıb və mərkəzin işinə uğurlar arzulayıb.

Oksford Universitetinin Saint Cross kollecində keçirilən görüşlər zamanı hər iki alim - Britaniya tərəfdən Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun professoru Robert Hoyland və Azərbaycan tərəfdən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva jurnalistlərə müsahibə verib.

AZƏRTAC müsahibələri təqdim edir.

Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun və Nyu-York Universitetinin Antik Araşdırmalar Mərkəzinin professoru

Robert Hoyland ilə müsahibə

- Mümkünsə, Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq proqramı ilə bağlı təşəbbüsün necə meydana gəlməsi barədə danışardınız.

- 2013-cü ildə arxeoloji yerlərə baxmaq məqsədilə Azərbaycana getmişdim və orada məni professor Nərgiz Paşayeva ilə tanış etdilər. Onunla görüş zamanı geniş müzakirə və fikir mübadiləsi apardıq. Belə qənaətə gəldik ki, bizi ümumu maraqlar, xüsusilə təhsil və onun müsbət təsiri birləşdirir. Bu, müasir dünyada bir çox məsələlərin həllində insanlara yardım edir.

Nəticədə öz fikirlərimizi konkret olaraq necə və hansı formada həyata keçirə biləcəyimizi düşündük. Beləliklə, Azərbaycanın və geniş mənada Cənubi Qafqaz bölgəsinin tarixi boyunca ətraf dünya ilə əlaqə və münasibətlərini öyrənib tədqiq etməyi qarşısına məqsəd qoyan tədqiqat mərkəzinin yaradılması təşəbbüsü meydana gəldi.

Şeyx Zayed bir vaxtlar deyib ki, keçmişi olmayan hər hansı bir şəxs özünün nə indiki, nə də gələcək halından düzgün bəhrələnə bilməz və bu, öz-özlüyündə gözəl və ruhlandırıcı bir kəlamdır. Beləliklə, biz Mərkəzin yaradılması işinə başladıq. Bu Mərkəz insanları, xüsusilə Oksford Universiteti və Azərbaycan tərəfdən alim və tələbələri bir araya gətirməklə yanaşı, birgə tədqiqat işinin həyata keçirilməsini və bu bölgənin tarixinin öyrənilməsini təmin edəcək.

- Sizcə, bu proqramın Oksford Universiteti və Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

- Oksford Universitetində əslində Qafqaz bölgəsinin müasir dövrəqədərki çağları lazımi dərəcədə öyrənilib tədqiq edilmir. Müasir dövrün tədqiqinə isə geniş yer ayrılır və bu tədqiqatlar əsasən hazırda mövcud olan fikir ayrılıqlarının, mübarizələrin və problemlərin öyrənilməsinə yönəlib. Bunu nəzərə alaraq, Oksford Universitetinin əvvəllər öyrənib tədqiq etmədiyi müasir dövrə qədərki məsələlərin araşdırılmasına daha çox vaxt ayırmaq fikrindəyik. Bu baxımdan İran və Orta Şərq öyrənilib, lakin Cənubi Qafqaz əhatə edilməyib. Bu, müəyyən mənada Oksford tərəfindən mövcud boşluğu tamamlamaq məqsədi daşıyır. Həmçinin Oksford Universitetinin Şərqşünaslıq İnstitutunda mənim apardığım tədqiqatları yetərincə tamamlaya bilər. İnstitutda biz iranşünaslıq, ərəbşünaslıq və türkşünaslığı öyrənirik, lakin Cənubi Qafqazla və xüsusilə Azərbaycan ilə bağlı öyrənilməmiş məsələlər çoxdur. Bir qədər əvvəl dediyim kimi, bu, həm mövcud boşluğu aradan qaldıra, həm də inkişaf edən və dünya əhəmiyyətli hadisələrin baş verdiyi və əhəmiyyəti gündən-günə artan region və sivilizasiya ilə münasibətlərimizin genişlənməsinə gətirib çıxara bilər.

- Son olaraq bilmək istərdik ki, proqram çərçivəsində hansı layihələr həyata keçiriləcək və növbəti beş il üçün planlarınız nədən ibarətdir?

- İlkin mərhələdə biz üç kiçik layihə ilə işə başlamağı planlaşdırırıq. Əvvəlcə, Bərdə şəhərində arxeoloji tədqiqat və qazıntılar aparmağı düşünürük. Biz ona görə bu yeri seçmişik ki, mənbələrdə bu şəhər milad tarixi ilə yeni minilliyin ilkin dövrlərində mövcud olan və xristian dininə sitayiş edən Qafqaz Albaniyasının paytaxtı olub. Sonrakı dövrlərdə müsəlman ərəblər Cənubi Qafqazda buranı istehkam kimi istifadə etmişlər. Əslində bizim məqsədimiz Azərbaycanın kifayət qədər zəngin və rəngarəng tarixini üzə çıxarmaqdan ibarətdir. Bu baxımdan bu yer ilk baxışdan məni özünə cəlb etdi.

İkincisi, biz Azərbaycan tarixinə aid rus və Azərbaycan dillərində olan əsərlərin üzə çıxarılaraq seçilməsini və nəticə etibarilə ingilis dilinə tərcümə olunmasını həyata keçirəcəyik. Çevrilmiş əsərləri mərkəzimizin internet səhifəsinə yerləşdirməklə dünyanın istənilən yerindən onların təmənnasız əldə olunmasını təmin edəcəyik.

Üçüncüsü, Azərbaycan tarixinin müxtəlif aspektlərinin tədqiqini və onun müasir dövrəqədərki çağlarda ətraf aləmlə münasibətlərini öyrənməyi təmin edən tələbə təqaüdlərinin verilməsini nəzərdə tuturuq.

Bizim gələcəyə yönəlmiş çoxlu ideyalarımız var. Artıq dediyim kimi, hər bir ölkədən alim və tələbələrin iştirakı ilə birgə tədqiqatların aparılması, habelə məktəblərdə tədrisin həyata keçirilməsini qeyd etmək olar. Bundan əlavə, müvafiq sahələr üzrə alimlik dərəcəsi olan tədqiqatçıların spesifik post-doktorantura layihələrinə cəlb edilməsi ilə Azərbaycanın müasir dövrəqədərki tarixinə aid müxtəlif aspektlərin araşdırılması yaxşı olardı. Beləliklə, gələcək üçün çoxlu ideyalarımız var, lakin başlanğıc üçün nəzərdə tutduqlarımız yetərlidir.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor

Nərgiz Paşayeva ilə müsahibə

- Mərkəzin fəaliyyəti, gördüyü işlər və gələcək planları haqqında danışmağınız maraqlı olardı.

- Mərkəzin yaradılmasına dair elmi layihəmiz böyük iddialara köklənən bir layihədir. Çünki Oksford Universiteti ilə əməkdaşlığın nə demək olduğu hər kəsə yaxşı aydındır. İlk olaraq bu, böyük məsuliyyətlə bərabər professionallıq, elmi təmkin, elmi qaydalara uyğun prosesin davamlı təşkilini tələb edir. Biz Oksford Universitetinin alimləri ilə bərabər mərkəz haqqında bir il fikir mübadiləsi aparmışıq. Bu müddət ərzində bir neçə görüşlərimiz olub. Mənim oktyabrın 28-də Oksford Universitetinə səfərim zamanı məramnamə imzaladıq, bundan sonra hazırlıq prosesi başladı. Bunun nəticəsi olaraq biz 2015-2020-ci illəri əhatə edən tədris və elmi proqramı hazırlamışıq. Bu proqram Oksford Universitetinin Şərqşünaslıq İnstitutu tərəfindən bəyənilərək qəbul edilib. Uğurlarımızın kökü ondadır ki, bizim istək və təşəbbüsümüz nəticəsində bu layihə ilə Azərbaycan elmini, ictimai fikrini, müasir elm potensialını nəhayət, dünya elmi müstəvisinə çıxarmağa nail oluruq.

Məqsədimiz Azərbaycan elminin təkcə öz dar məkanından deyil, dünya müstəvisinə çıxa bilən platformadan çıxış etməsinə nail olmaqdır. Beləliklə, biz dünya elmi məkanının bir hissəsinə çevrilmək imkanını qazanmış oluruq. Bu imkanı əldən vermək olmaz. Oksford Universiteti ilə müştərək əməkdaşlığımız məqsədimizə nail olmaq üçün lazımi imkanları yaratdı. Mən Oksford Universitetinin şərqşünaslıq fakültəsinin 20-yə yaxın professoru ilə görüşlər keçirdim. Bu görüşlərdə Nizami və onun yaradıcılığı haqda geniş fikir mübadiləsi apardıq. Bunun üçün professor heyətinə və layihənin Britaniya tərəfdən həmsədri professor Robert Hoylanda xüsusi təşəkkürümü bildirirəm.

Çox yaxşı haldır ki, mərkəz daxilindəki proqram həm tədris tutumu, həm də elmi yönlü istiqamətlərə malikdir. 5 ildə 3 aspirant, 3 magistrant yetişdirməyi, müəyyən elmi nəzəri kitabları tərcümə etməyi nəzərdə tutmuşuq. Təəssüflər olsun ki, Azərbaycan alimlərinin yaratdığı elmi əsərlərin heç biri akademik səviyyədə Avropa dillərinə tərcümə olunmayıb, bu isə ciddi boşluqdur. Müasir dünyada tərcümələrin olmaması və elmi mərkəzlərdə, kitabxanalarda, universitetlərdə təmsil edilməməsi görülən işləri sual altına qoyur. Beləliklə, bizim qədəm qoyduğumuz yol böyükdür və əziyyətlidir. Lakin başlanğıc çox şərəfli və tarixi bir başlanğıcdır.

Bu mərkəzin dahi Nizaminin adını daşıması da simvolikdir. Bizim təqdimatımızda Nizami birləşdirici bir simvol olmalıdır. Şeyx Nizami dar çərçivəyə, dar coğrafi, etnik mülahizəyə sığan fiqur deyil, böyük Şərqin böyük mütəfəkkiridir. Bununla bərabər, o, dünya mədəniyyətinin görkəmli nümayəndəsidir. Nizaminin Azərbaycan alimləri tərəfindən işlənmiş yetərli qiymətli əsərləri Oksfordda tədricən yayılmalıdır. Ümumiyyətlə, Azərbaycan nizamişünaslığı dünyada öz ədalətli yerini tuta biləcək potensiala malikdir. Bu işlərin hamısı bizə bağlıdır, müştərək fəaliyyətimizin əsas qayəsidir. Onu da qeyd etmək istərdim ki, əgər hər hansı bir tutarlı mərkəzin hüquqi əsası yoxdursa, o, keçici, formal, ani xarakter daşıyır. Sanki bir nümayəndəçilik funksiyasına bənzəyir, çünki müasir dünyada hər hansı bir universitetlə əməkdaşlıq etmək, tədbirlər həyata keçirmək çox asandır. Lakin bu qaydalarla Oksfordla əməkdaşlıq etmək mümkünsüzdür. Ona görə ki, bu mötəbər təhsil ocağının kifayət qədər sərt tələbləri mövcuddur. Oksfordun qanun və qaydalarına uyğun olaraq yaratdığımız mərkəz artıq onun qəbul edilmiş tərkib hissəsinə çevrilmək imkanını əldə edib. Bu isə böyük nailiyyətdir!

- Gələcək planlarınızda, həmçinin internet resurslarının yaradılması da yer alır. Bu barədə nə deyə bilərsiniz?

- Hər ilin sonunda görülən işlər haqqında mütəmadi məlumat verilməlidir. Bunun üçün hazırda professor Robert Hoylandla müştərək veb-sayt hazırlayırıq. Saytımızda layihə və mərkəz haqqında məlumatlar yerləşdiriləcək, informasiya mütəmadi olaraq yenilənəcək. Hər ilin sonunda şərqşünaslıq fakültəsinə elmi işlərimiz haqqında məlumat veriləcək. Şərqşünaslıq İnstitutu tərəfindən mərkəzin işi bu məlumatlar əsasında qiymətləndiriləcək.

Görülən işin sanbalı yüksək olduqda elmi mərkəzin də nüfuzu yüksələcək. Qarşıdakı məqsədlərə düzgün istiqamətlə, doğru elmi baxışla getsək, Oksfordda nüfuz qazansaq, bu, Azərbaycan elmi və mədəniyyətinə tutarlı töhfə ola bilər. Odur ki, Oksford Universitetində yaradılan Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq elmi mərkəzi misilsiz dəyərə malik, gələcək nəsillər üçün tarixi bir başlanğıc açan layihədir.

Onu da qeyd etmək istərdim ki, Oksfordda dünyanın ən böyük nəşriyyatı yerləşir və burada hər gün 16 kitab çapdan çıxır. Çoxşaxəli fəaliyyətimizin istiqamətlərindən biri də odur ki, mərkəzimiz vasitəsilə Azərbaycan elmi fikrinə, düşüncəsinə aid olan elmi-nəzəri əsərlər Oksfordun nəşriyyatında çap olunaraq işıq üzü görsün.

Bizdə bir gözəl məsəl var: “Zər qədrini, zərgər bilər”. Bu elmi mərkəz bir zərdir və bu zərin qədrini həqiqi, əsl elm fədailəri biləcəklər. Mərkəzin mühüm cəhətlərindən biri də odur ki, biz bir yol açırıq, başlanğıcda biz varıq və bu, keçici xarakter daşımır. Bu, perspektivli layihədir, davamçıları gənc alimlərimiz, aspirantlarımız olmalıdır. Mərkəzin adından da aydın olur ki, qafqazşünaslıq dedikdə, ədəbiyyatşünaslıq, şərqşünaslıqdan başqa biz bir çox ixtisaslar – tarix, arxeologiya, diyarşünaslıq üzrə araşdırmalar, tədqiqatlar aparmağı nəzərdə tutmuşuq. Universitetlə bağlı olan hər kəsin üzərinə böyük bir missiya düşür. Qoy bu yolda bizə həmişə uğur nəsib olsun.

Müsahibənin sonunda professor Nərgiz Paşayeva qarşıdan gələn yeni ildə Oksford Universiteti şərqşünaslıq fakültəsinin heyətinə və mərkəzin işçi qrupuna uğurlar arzuladı. Oksford Universitetinin “Dominus illuminatio mea” (Tanrı, yolumu işıqlandır) devizini xatırladan N.Paşayeva layihənin 5 illik təqvim planının uğurlu olmasını dilədi: “Bu, əbədi və əzəli dəyərlərə bağlı bir devizdir. Bu, maddiyyatdan kənar, mənəviyyata bağlı devizdir. Bu deviz altında Oksford Universiteti ilə birgə çalışmaq, mühüm və yenilməz işlərə imza atmaq, xidmət etmək böyük şərəfdir”.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

Oksford

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir