ELM VƏ TƏHSİL


BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ MDU-nun REKTORU İLƏ GÖRÜŞ

Bakı Dövlət Universitetində professor-müəllim heyətinin və M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alan azərbaycanlı tələbələrin bu məşhur ali məktəbin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Viktor Sadovniçi ilə görüşü keçirilmişdir.

Görüşdən əvvəl BDU-nun rektoru professor Abel Məhərrəmov qonağı universitetin kompüter mərkəzi və yenidən tikilmiş idman kompleksi ilə tanış etdi. Viktor Sadovniçi universitetin nəzdində fəaliyyət göstərən Heydər Əliyev muzeyində də oldu, ekspozisiyaya baxdıqdan sonra Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Abel Məhərrəmov görüşü açaraq bildirdi ki, Moskva və Bakı universitetləri arasında münasibətlər təhsil və elm sahəsində mübadilə haqqında aliməktəblərarası müqavilə çərçivəsində uğurla inkişaf edir. O, MDB və Baltikyanı ölkələrin universitetlərinin Viktor Sadovniçi tərəfindən yaradılmış Avrasiya Assosiasiyasının fəaliyyətindən danışaraq dedi ki, keçmiş SSRİ respublikalarının ali məktəbləri arasında əlaqələrin bərpasına yönəldilmiş bu təşəbbüsün müsbət nəticələrindən biri odur ki, hələ ötən ildən BDU-nun 20 tələbəsi, magistrantı və aspirantı Moskvada təhsilini davam etdirir.

Cari ilin yanvarında MDU-nun Böyük elmi şurası Azərbaycan Prezidenti Heydər Əliyevə fəxri professor adı verilməsi haqqında qərar qəbul etmişdir.  Bakı Dövlət Universitetinin kollektivi, ölkənin elmi ictimaiyyəti bu xəbəri iftixar hissi ilə qarşılamışdır.

Rektor ümidvar olduğunu bildirdi ki, ali məktəblərarasındakıəməkdaşlığın inkişafı ölkələrimizin xalqları arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcəkdir.

Sonra MDU-nun rektoru Viktor Sadovniçi çıxış edərək, hələ öz elmi fəaliyyətinin ilk çağlarındaonunla Azərbaycan alimləri arasında yaranmış səmimi, mehriban ünsiyyətdən söz açdı. O, keçmiş SSRİ respublikalarının elm və təhsil mərkəzləri arasında əlaqələrdən danışaraq vurğuladı ki, 1992-ci ildə, Sovet İttifaqının süqutundan sonra yaranmış Avrasiya Assosiasiyası üzvlərinin səyləri sayəsində Moskva Dövlət Universitetinə yeni müstəqil dövlətlərdən təxminən hər il 1000 tələbə qəbul olunur. MDU-nun rektoru Assosiasiyanın iclaslarından birinin Bakıda keçirildiyini qeyd edərək, Azərbaycan alimlərinin müxtəlif universitetlərin nümayəndələrini böyük mehirbanlıqla və qonaqpərvərliklə qarşıladığı günləri səmimiyyətlə xatırladığını bildirdi.

Moskva Universitetinin rektoru MDU-nun Böyük elmi şurasının qərarı ilə Azərbaycan dövlətinin başçısına fəxri professor adı verilməsini Azərbaycan Prezidenti Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini olarkən bu təhsil ocağının inkişafında xidmətinə görə MDU kollektivinin minnətdarlığı kimi, bu xidmətin sübutu kimi qiymətləndirdi. Viktor Sadovniçi dedi ki, o, MDU-nun birinci prorektoru işləyərkən universitetin inkişafı üçün müəyyən yardım almaq ümidi ilə tez-tez məhz Heydər Əliyevə müraciət edirdi vəbu müraciətlər həmişə müsbət həll olunurdu. Viktor Sadovniçi bildirdi ki, Heydər Əliyevlə o illərdəki yazışmalarınadair bütöv bir arxivi var.

        Qonaq,MDU ilə BDU arasında gələcək əlaqələrdən bəhs edərək nəzərə çarpdırdı ki, Bakı Dövlət Universitetinin Moskvada filialının açılması perspektivi tamamilə realdır, belə ki, Azərbaycan alimlərinin dəqiq elmlər, neft kimyası sahəsində nailiyyətləri şübhəsizdir.

        Görüşdə MDU-nun magistrantı Səkinə Babaşova azərbaycanlı tələbələr, magistrantlar və aspirantlar adından çıxış edərək, Moskvadakı həyat və təhsil şəraitindən danışdı.

        BDU-nun kafedra müdirləri – Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı Asəf Hacıyev və professor Asəf İsgəndərov ölkələrimizin alimləri arasında elmi əlaqələri fəallaşdırmağın zəruriliyini vurğuladılar.

        Viktor Sadovniçi MDU-da təhsil alan azərbaycanlı tələbələrin bir sıra suallarına cavab verdi.

        Görüşün sonunda MDU-nun rektoru Moskva Universitetinin emblemi təsvir olunmuş suveniri Bakı Dövlət Universitetinə hədiyyə etdi. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.