İDMAN


Azərbaycan idmançıları yola saldığımız ildə ümumilikdə 805 medal qazanıblar

Bakı, 24 dekabr, Elvin Mövsümov, AZƏRTAC

Gənclər və İdman Nazirliyi yola saldığımız ildə fərqlənən idmançılara, məşqçilərə və komandalara mükafatlar təqdim edib.

AZƏRTAC xəbər verir ki, dekabrın 24-də “Buta Palas”da keçirilən mərasimdə Azərbaycanın dövlət himni səsləndirildikdən sonra cari ildə ölkəmizdə keçirilən beynəlxalq turnirlər, idmançılarımızın uğurları barədə videoçarx nümayiş olunub.

Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov yola saldığımız ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu söyləyib. Nazir qeyd edib ki, Azərbaycan idmançıları il ərzində müxtəlif beynəlxalq turnirlərdə ümumilikdə 805, o cümlədən 275 qızıl, 255 gümüş, 275 bürünc medal qazanıblar. A.Rəhimov dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Azərbaycanın artıq idman ölkəsinə çevrildiyini bildirib. Gələn il Bakıda birinci Avropa Oyunlarının keçiriləcəyini diqqətə çatdıran nazir bu istiqamətdə görülən işlərdən danışıb, respublikamızın mötəbərə yarışa yüksək səviyyədə ev sahibliyi etmək üçün ciddi hazırlaşdığını vurğulayıb.

İdman jurnalistləri arasında keçirilən sorğu nəticəsində “2014-cü ilin idman xadimi” seçilən Azad Rəhimova mərasimdə mükafat təqdim edilib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə əvvəlki illər kimi, 2014-cü ilin də Azərbaycan idmanı üçün mühüm uğurlarla yadda qaldığını qeyd edib. Azərbaycanın artıq dünyada idman ölkəsi kimi tanındığını vurğulayan Ç.Hüseynzadə cari ildə ölkəmizdə mötəbər yarışların və beynəlxalq idman qurumlarının toplantılarının yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb.

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev isə çıxışında dövlətimizin başçısı İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.

Sonra mükafatlandırma olub.

Voleybol üzrə Azərbaycan millisi ilin ən yaxşı yığma, “Qarabağ” futbol klubu isə ilin ən yaxşı futbol komandaları elan olunub.

Daha sonra sərbəst güləşçilər Hacı Əliyev və Xetaq Qazyumov, qadın güləşçi Mariya Stadnik, boksçu Yelena Vıstropova, kikboksçu Eduard Məmmədov, gimnast Mariya Durunda, taekvondoçu Radik İsayev, karateçi Fərid Mayılov, yunan-Roma güləşçisi Rəsul Cunayev, cüdoçu Elmar Qasımov mükafatlandırılıblar.

Mərasimdə ilin ən yaxşı məşqçilərinə də mükafatlar verilib.

Tədbir konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.