MƏDƏNİYYƏT
Sapporo qar fiqurları festivalında Qız qalasının qardan düzəldilmiş fiquru da nümayiş etdirilir
Tokio, 5 fevral, AZƏRTAC
Fevralın 5-də Yaponiyanın Hokkaydo adasında rəsmi açılışı olan 66-cı Sapporo qar fiqurları festivalında Azərbaycan qardan düzəldilmiş Qız qalası və milli geyimli insan fiqurları ilə təmsil olunur.
Sapporo şəhərinin mərkəzində yerləşən Odori parkında təşkil edilmiş festivalda qar və buzdan düzəldilmiş müxtəlif ölçülü 207 heykəl nümayiş etdirilir. Onlar dünyanın müxtəlif ölkələrindən gəlmiş heykəltəraşlar tərəfindən düzəldilib.
Azərbaycanı festivalda ilk dəfə Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının prezidenti Əlibəy Məmmədovun təşəbbüsü ilə düzəldilmiş Qız qalası və milli geyimli insan fiqurları təmsil edir. Ə.Məmmədov AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bildirib ki, məqsəd sürətli inkişafı ilə bütün dünyanı heyran qoyan Azərbaycanı yalnız Yaponiyada deyil, həm də bütün Cənub-Şərqi Asiyada daha yaxından tanıtmaqdır.
Möhtəşəmliyi ilə seçilən Sapporo Beynəlxalq festivalı barədə məlumat verən həmvətənimiz qeyd edib ki, 66-cı dəfə təşkil edilən festival yalnız Yaponiyada deyil, bütün dünyada populyarlığı ilə seçilən qış tədbirlərindəndir. Hər il bu festivalı yerli sakinlərlə yanaşı, xarici ölkələrdən gəlmiş iki milyondan çox insan ziyarət edir.
Azərbaycanı təbliğ etmək baxımından bu festivalın əhəmiyyətini vurğulayan Ə.Məmmədov vətəndaşı olduğu ölkənin müxtəlif simvollarının, nağıl qəhrəmanlarının obrazlarından ibarət kompozisiyanın quraşdırılması hüququna malik olduğunu qeyd edib. Bu səlahiyyətindən istifadə edən soydaşımız 2014-cü ildə ilk dəfə belə təşəbbüslə çıxış edib və onun təşəbbüsü festivalın təşkilatçısı “Sapporo Ohdori Lions Club” tərəfindən qəbul olunub. Azərbaycanın simvolu olaraq qədim Qız qalasının seçilməsi barədə Ə.Məmmədovun verdiyi ideya təşkilatçılar tərəfindən bəyənildikdən sonra kompozisiyanın quraşdırılmasına başlanılıb.
Hündürlüyü üç metr, eni iki metr olan ümumi kompozisiya festivala gələn ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır.
Festivalın təşkilatçıları gələn həftənin ortalarınadək davam edəcək bu maraqlı tədbirə iki milyondan çox insanın qatılacağını gözlədiklərini bildiriblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio