İDMAN
Azərbaycan güləşçisi Mariya Stadnik İsveçdə qızıl medal qazanıb
Bakı, 16 fevral, AZƏRTAC
İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnirdə Azərbaycan millisi 1 qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, qadın güləşi üzrə yığma komandamızın tam heyətlə qatıldığı turnirdə Mariya Stadnik (48 kq) Norveç, İsveç, Yaponiya və Polşadan olan rəqiblərini üstələyərək finala yüksəlib. Finalda onun rəqibi yaponiyalı Kika Kaqata olub. Mariya Stadnik vaxtından əvvəl tam üstünlüklə qələbə qazanaraq turnirin qızıl medalına yiyələnib.
İrina Netreba (58 kq) Braziliyadan olan rəqibini üstələsə də, Çin təmsilçisinə uduzub. Ancaq rəqibin finala yüksəlməsi güləşçimizə bürünc medal qazanmaq şansı verib. Təsəlliverici görüşdə ABŞ idmançısını məğlub edən güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Lakin o, bolqarıstanlı Taybe Yuseinə uduzub və turniri 5-ci sırada tamamlayıb.
Yuliya Ratkeviç (60 kq) İsveç və Rusiyadan olan rəqiblərini üstələsə də, yarımfinalda finlandiyalı rəqibinə uduzub. Güləşçimiz bürünc medal uğrunda Belarus idmançısı Anastasiya Huçokla uduzaraq turnirdə 5-ci olub.
Yarışda 69 kiloqram çəki dərəcəsində mübarizə aparan Nadya Muşka (Sementsova) da yarımfinala qədər irəliləyib. Braziliya və Polşadan olan rəqiblərini üstələyən təmsilçimiz yarımfinalda argentinalı idmançıya məğlub olub. Nadya Muşka bürünc medal uğrunda mübarizədə Ukrayna təmsilçisi Alla Çerkasovaya uduzub.
Raqnetta Qurbanzadə (63 kq) isə təsəlliverici görüşdə mübarizəni davam etdirmək şansı əldə edib, ancaq bu imkanı dəyərləndirə bilməyib.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Rövşən Azadov təmsil edib.