REGİONLAR


Sumqayıtda profilaktik tibbi müayinə uğurla davam etdirilir

Sumqayıt, 4 mart, Ətrabə Rzayeva, AZƏRTAC

Azərbaycanda ardıcıl olaraq ikinci ildir ki, əhalinin pulsuz tibbi müayinəsi aparılır. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən xeyirxah aksiya Sumqayıtda da uğurla davam etdirilir.

Sumqayıt şəhər səhiyyə şöbəsindən AZƏRTAC–a bildirilib ki, tibbi müayinələrin yüksək səviyyədə aparılması üçün şəhər İcra hakimiyyətində xüsusi qərargah yaradılıb, qrafik tərtib olunub. Həmçinin müxtəlif ixtisaslı peşəkar həkimlərdən ibarət həkim briqadaları təşkil edilib.

Qeyd olunub ki, Sumqayıt şəhərinin 333 min nəfər əhalisi var. Profilaktik tibbi müayinələrin aparıldığı müəssisələr müəyyənləşdirilib və lazımi tibbi ləvazimatlarla təmin olunub. Əhali yerli telekanal və qəzetlər vasitəsilə tibbi müayinələrin aparılması barədə ətraflı məlumatlandırılıb. Bununla yanaşı, şəhərin yaşayış məntəqələrində profilaktik tibbi müayinələr barədə məlumatlar yayılıb, elanlar asılıb.

Əhalinin tibbi müayinəsi 5 şəhər xəstəxanasında və 4 şəhər poliklinikasında həyata keçirilir. Profilaktik tibbi müayinələr üçün müraciət edən hər bir pasiyent qeydiyyatdan keçirilir və həkim-mütəxəssislər tərəfindən ilkin müayinə aparılır. Tibbi göstəriş olduqda pasiyentlərə köməkçi - instrumental tibbi müayinə tətbiq edilir və lazım gəldikdə, digər mütəxəssislərlə konsultasiya olunurlar.

Fevralın 2-dən bu günədək 117007 nəfər tibbi müayinədən keçirilib. Müayinə zamanı 44676 nəfərdə xəstəliklərin ilkin əlamətləri aşkarlanıb, 4500 nəfərə ambulator müalicə təyin edilib, 1599 nəfər müvafiq xəstəxanalara göndərilib.

Həmçinin vurğulanıb ki, dövlətimizin başçısının bu humanist təşəbbüsü şəhər sakinləri tərəfindən böyük razılıqla qarşılanır, insanlar kütləvi tibbi müayinəyə böyük həvəslə gəlirlər. Müayinədən keçən insanlar xeyirxah aksiyanı yüksək qiymətləndirir və bu qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

Tibbi müayinələr davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.