CƏMİYYƏT
Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Hospitalında beynəlxalq konfrans keçirilib VİDEO
Bakı, 17 aprel, AZƏRTAC
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Hospitalında torakal cərrahiyyə üzrə beynəlxalq elmi-praktik konfrans keçirilib.
MTN-in İctimai Əlaqələr İdarəsindən AZƏRTAC-a bildiriblər ki, tanınmış xarici mütəxəssislərin də iştirak etdikləri konfransda bir sıra məruzələr dinlənilib.
Konfransın əhəmiyyətini vurğulayan Milli Təhlükəsizlik Nazirliyi Hərbi Hospitalının rəisi Rüfət Əliyev belə tədbirlərin gənc kadrların bu tibb sahəsini daha dərindən mənimsəmələrində böyük rol oynadığını qeyd edib. Hospitalın rəisi dövlət tərəfindən səhiyyə sahəsində həyata keçirilən islahatlar, insanların sağlamlığının qorunması istiqamətində görülən tədbirlər haqqında məlumat verib. Bildirib ki, ölkəmizdə tibb mütəxəssislərinin yeni texnologiyalar, diaqnostika və müalicə üsulları barədə biliklərini artırması üçün hər cür şərait yaradılıb.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bütün istiqamətlərdə olduğu kimi, səhiyyə sahəsində də Azərbaycan dövlətinin fəaliyyəti beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir, digər dövlətlərə nümunə göstərilir.
Çıxış edən digər yerli və xarici mütəxəssislər də Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Hospitalının təşəbbüsü ilə bu müasir səhiyyə ocağında keçirilən konfransın böyük əhəmiyyətə malik olduğunu söyləyiblər.
Tədbirdə torakal cərrahiyyədə ən son yeniliklər, ağciyər, plevra, orta divar aralığı, döş sümüyü və döş divarı cərrahiyyəsində əldə olunan nailiyyətlər haqqında məlumat verilib. Bu bilgilərin gənc cərrahların püxtələşməsinə və Azərbaycanda torakal cərrahiyyənin inkişafına böyük töhfə verəcəyi vurğulanıb.
Konfransa Türkiyə, Fransa, Rusiya, İtaliya və Belarusdan olan aparıcı həkim-mütəxəssislər və azərbaycanlı torakal cərrahlar müxtəlif təqdimatlarla çıxış ediblər.