REGİONLAR
Xaçmazda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb VİDEO


Xaçmaz, 21 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 21-də Xaçmaz rayon Mərkəzi Xəstəxanasında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, anım mərasimində tibb işçiləri ilə yanaşı, rayonun fəal qadınları, eləcə də icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Toplantıda çıxış edənlər akademik Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan danışıblar. Bildirilib ki, görkəmli oftalmoloq təkcə respublikamızda deyil, həmçinin beynəlxalq aləmdə də tanınmış alim, ziyalı, ictimai xadim kimi dəyərləndirilir.
Mərkəzi xəstəxananın gənc oftalmoloqu Samirə Məlikova çıxışında akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinin onlar üçün əsl nümunə olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, görkəmli akademik öz qayğıkeşliyi və səmimiyyəti ilə onu əhatə edən insanların rəğbətini, ehtiramını qazanıb. Onun inkişaf etdirdiyi elm sahəsinin davamçıları bu gün də alimin irsindən faydalanırlar.