ELM VƏ TƏHSİL
XV-XVI əsr şairi Əhməd Şövqi Təbrizinin divanı əldə edilib
Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov Ağqoyunlular və Səfəvilər dövründə yaşamış (XV-XVI əsrdə) Azərbaycan şairi Əhməd Şövqi Təbrizinin lirik şeirləri toplusu divanının Ankara Milli Kitabxanasında saxlanan nüsxəsinin surətini əldə edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, təzkirələrdə verilən məlumata görə, Şövqi Təbrizi uzun bir ömür yaşamış, Şah İsmayıl Xətainin oğlu Sam Mirzənin katibi – münşisi vəzifəsini icra edib, sonradan mühacirət edərək 1547-ci ildə Kabildə dünyasını dəyişib.
Şairin anadilli divanına onun qəzəl, qəsidə, mürəbbe, müxəmməs, tərkibənd, tərcibənd, mərsiyə, müstəzad, rübai, bayatı və gəraylıları daxil edilib.