CƏMİYYƏT


F.Xələfova: “Mən öz kolleksiyalarımda həmişə Azərbaycan geyim mədəniyyətini tamaşaçıya nümayiş etdirməyə çalışıram”

Moskva, 27 aprel, AZƏRTAC 

Xəzər moda həftəsi çərçivəsində aprelin 26-da Həştərxanda Azərbaycanın tanınmış rəssam-modelyeri Fəxriyyə Xələfovanın kolleksiyaları nümayiş etdirilib.

Fəxriyyə Xələfovanın kolleksiyaları inanılmaz dərəcədə zərifdir və təkrarolunmaz Şərq elementlərinə malikdir. Fəxriyyə öz ölkəsinin çoxəsrlik ənənələrini müasir moda cərəyanları ilə çox uğurlu şəkildə əlaqələndirir. Bu barədə Rusiyanın “welkomestyle.ru” nəşri yazır. Nəşrdə “FX beauty company” şirkətinin prezidenti, Azərbaycanın Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova ilə müsahibə dərc olunub.

Azərbaycan dizayneri deyir: “Qədim Azərbaycan mənim üçün idealdır, yaradıcılığımda Azərbaycan folkloruna və milli geyim motivlərinə marağım özünü aydın şəkildə büruzə verir. Yaratdığım kolleksiyalarda Qərb və Şərq idealları orijinal surətdə birləşir. Geyimdə etnik üslub həmişə populyarlığın zirvəsində qalır. Bu, həmişə müasir materiallar və siluetlərlə uğurla tamamlanan yeni notlar və orijinal ideyalardır. Etnik üslub eyni zamanda həm çox qədim, həm də çox gəncdir. O, heç vaxt dəbdən düşmür. Ayrı-ayrı dövrlərdə dünyanın bu və ya digər regionlarının və ölkələrinin aktual ənənələrinə çevrilir. Bəzən isə modelyerlər konkret xalq geyimi mövzusunda və ya ümumi etnik mövzuda öz variantlarını düşünüb tapırlar. Üslub inkişaf edir. Onun ayrı-ayrı istiqamətləri, qanunları yaranmağa başlayır”. Öz kolleksiyalarından bəhs edən F.Xələfova qeyd edir ki, hər bir geyim forma, xətt, ornament, rəng üzrə ayrı-ayrı elementlərin harmonik birləşməsidir. Modelyer yazır: “Kolleksiyalarımdakı bir neçə geyimdə kəlağayını – kənarları əl ilə bənzərsiz gözəl rəngdə buta ornamenti təsvirləri ilə bəzədilmiş zərif ipək baş örtüyünü müasir qlamur geyimlərə harmonik şəkildə daxil etmişəm”.

Xəzər moda həftəsində F.Xələfova “New Glamour” adlı kolleksiyasını təqdim edib. Kolleksiyada Avropa üslubu ilə milli üslub üzvi surətdə birləşir. F.Xələfova deyir: “Mən həmişə öz kolleksiyalarımda Azərbaycan geyim mədəniyyətini, milli kostyumlarımıza xas olan elementləri, dekorativ tikmə növlərini tamaşaçıya nümayiş etdirməyə çalışıram. Şərq üslubu geniş anlayışdır. Şərq bir nağıldır. O, həm də gözəl ətirlərin, əsrarəngiz sadəliyin və əlvan geyimlərin qarışığıdır. Kolleksiyadakı geyimlər atlas, şifon, ipək parçalardan hazırlanıb və nəfis naxışlarla bəzədilib. Parçaların, xüsusən də qızılı, yaxud gümüşü saplarla bəzədilmiş parçaların parlaq rəng palitrası var. Kolleksiyanı tamamlayan aksessuarlar da bu üslubu səciyyələndirir. Bunlar çox vaxt qiymətli daşlarla bəzədilmiş iri qızıl və ya gümüş qolbaqlar və boyunbağılardır”.

Aprelin 20-dən 27-dək Həştərxanda beynəlxalq moda həftəsi – Xəzər moda həftəsi (Caspian fashion week) keçirilir. Tədbirin missiyası Xəzəryanı regionlar və dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsidir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.