ELM VƏ TƏHSİL


Bakıda “Avrasiyada biomüxtəliflik” mövzusunda beynəlxalq simpozium keçirilir

Bakı, 1 iyun, Tərgül Ağayeva, AZƏRTAC

İyunun 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda “SEAB – 2015. Avrasiyada biomüxtəliflik” mövzusunda beynəlxalq simpozium keçirilir.

AZƏRTAC xəbər verir ki, simpozium Azərbaycan, Türkiyə, Belarus, Qazaxıstan və Rusiyanın müvafiq qurumlarının birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, simpoziumun keçirilməsinin əsas məqsədi Azərbaycanda elm adamlarının, ekoloqların, vətəndaş cəmiyyəti qurumları, yerli və xarici cəmiyyət icmaları nümayəndələrinin bir araya gələrək müzakirələr aparmasıdır.

Qeyd edilib ki, Avrasiya flora və faunasının zənginliyi, yüksək dərəcədə endemizmi ilə seçilir. Bu materikdə bioloji müxtəlifliyin qorunması həyati əhəmiyyət daşıyır. Lakin son illər təbiətdən qeyri-rasional istifadə nəticəsində ekosistemlər deqradasiyaya uğrayıb, bir çox növlər məhv olub, onların sayları kəskin azalıb. Avrasiyada bu kimi problemlərin həllinin yalnız beynəlxalq əməkdaşlıq çərçivəsində mümkün olacağını söyləyən A.Əlizadə bu baxımdan simpoziumun əhəmiyyətini vurğulayıb.

1992-ci ildə ilk dəfə olaraq bioloji müxtəlifliyin qorunması, davamlı istifadəsi məqsədilə “Bioloji müxtəliflik haqqında” Beynəlxalq Konvensiya qəbul edildiyini söyləyən A.Əlizadə ölkəmizin 2000-ci ildən bu Konvensiyaya qoşulduğunu söyləyib. Bildirilib ki, bioloji müxtəlifliyə görə Qafqazın ən zəngin ölkəsi olan Azərbaycanda hazırda xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 478 min hektardan 1 milyon 132 min hektaradək artırılıb. Bunun nəticəsində 9 milli park, bir biosfer rezervat, 11 qoruq və 24 yasaqlıqdan ibarət şəbəkə yaradılıb.

Azərbaycanda bioloji müxtəlifliyin öyrənilməsinin, qorunmasının prioritet istiqamət kimi müəyyənləşdirildiyini qeyd edən A.Əlizadə bu sahə üzrə əsas tədqiqat işlərini AMEA-nın Biologiya və Tibb Elmləri, Aqrar Elmlər Bölmələrinin institutları tərəfindən aparıldığını vurğulayıb. Akademik simpoziumun öz məqsədlərinə nail olacağına əminliyini bildirib, iştirakçılara uğurlar arzulayıb.

Tədbridə Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov son illərdə Avrasiyada təbiətdən səmərəli istifadə olunmaması nəticəsində biomüxtəlifliyin təhlükə altına düşdüyünü söyləyib. O, problemlərin həlli istiqamətində ölkələrin elmi-praktiki nailiyyətlərinin paylaşılması məqsədilə belə simpoziumların keçirilməsinin əhəmiyyətini qeyd edib.

Bildirilib ki, ölkəmizdə biomüxtəlifliyin qorunması istiqamətində dövlət tərəfindən müxtəlif qanun və sərəncamlar verilib, bu məsələ dövlət proqramlarında əksini tapıb. Biomüxtəlifliyin öyrənilməsi sahəsində aparılan tədqiqat işlərindən danışan T.Məmmədov qeyd edib ki, Dendrologiya İnstitutu Azərbaycanın təbii və mədəni florasının hərtərəfli monitorinqini aparır, nadir və nəsli kəsilməkdə olan bitkiləri tədqiq edir. Vurğulanıb ki, institutun nəzdində yerləşən Dendroloji parkda toplanan zəngin kolleksiya sahələri ekoloji tarazlığın qorunmasında, bioloji müxtəlifliyin artırılmasında və genofondun mühafizəsində böyük rol oynayır.

Professor Ramazan Məmmədov, Türkiyənin Pamukkale Universitetinin rektoru, professor Hüseyin Bağcı, gürcüstanlı alim Rezo Jabnidze və digər çıxış edənlər simpoziumun əhəmiyyətindən danışıb, onun işinə uğurlar arzulayıblar. Simpoziumun gələcəkdə Türkiyə, Belarus, Qazaxıstan, Rusiya və digər ölkələrdə keçirilməsinin nəzərdə tutulduğu bildirilib.

Simpozium iyunun 5-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.