İQTİSADİYYAT
Ziya Bünyadov prospektində bu gecə də hərəkət qismən məhdudlaşdırılacaq
Bakı, 3 iyun, AZƏRTAC
İyunun 3-də axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Ziya Bünyadov prospektində “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri davam etdiriləcək.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən AZƏRTAC-a bildirilib ki, bununla bağlı Ziya Bünyadov prospektinin bəzi hissələrində tam, bəzi yerlərində isə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri bu gecə əks istiqamətdə, yəni “20 Yanvar” dairəsindən “Böyükşor yol qovşağı”nadək olan hissədə aparılacaq.
Körpü və tunellərdə rənglənmə işləri aparılarkən həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sürücülər bu zaman prospektin yan yollarından rahat və maneəsiz şəkildə istifadə edə biləcəklər. Digər hissələrdə isə işlər aparılarkən hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq. Yəni nəqliyyat vasitələri işlərin aparıldığı zolağa daxil olmadan həmin istiqamətdə hərəkətlərinə davam edə biləcəklər.
Qeyd edək ki, ötən gecə “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri Ziya Bünyadov prospektinin “Böyükşor yol qovşağı”ndan “20 Yanvar” dairəsinə doğru olan hissəsində aparılıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-də yaranacaq müvəqqəti narahatçılığa görə üzr istəyir və sürücülərdən görülən işlərə diqqətlə yanaşmalarını xahiş edir.
“Bakı-2015” birinci Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın işarələnməsi işlərinə aprelin 27-dən başlanılıb. Eni 3,75 metr olan “Oyunlar zolağı”nın kənarlarında 25 santimetr enində sarı xətt və asfalt üzərində isə təyin edilən yerlərdə Avropa Oyunlarının loqotipinin şəkli çəkilib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Oyunlar zolağı”na nəzarət edilir və kənar maşınların bu zolaq ilə hərəkəti tamamilə məhdudlaşdırılıb.