REGİONLAR


Nərgiztəpə ərazisində aparılan tədqiqatlar siyasi-ideoloji və strateji baxımdan da böyük əhəmiyyət kəsb edir

Xocavənd, 3 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Xocavənd rayonu ərazisində olan Nərgiztəpə qədim yaşayış məskənində arxeoloji tədqiqatlar davam edir.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun çöl tədqiqatları sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində Nərgiztəpədə və ətraf ərazilərdə aparılan arxeoloji tədqiqat işləri barədə məlumat verib. Bildirib ki, 2013-cü ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Xocavənd rayonunun cəbhə xətti boyu ərazilərində ilkin kəşfiyyat-axtarış işləri aparmaq məqsədilə Nərgiztəpə arxeoloji dəstəsini təşkil edib. 2014-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu 2-ci “Şuşa qrantı” müsabiqəsi çərçivəsində bu abidədə tədqiqatların genişləndirilməsini nəzərdə tutan layihəni dəstəkləyib. Tədqiqatlar zamanı Nərgiztəpə və onun ətrafındakı sahələr nəzərdən keçirilib, səngər və əkin yerlərindən daş alət və saxsı nümunələri toplanıb, bir sıra yeni abidələrin yeri müəyyənləşdirilib, əsas tədqiqat obyekti olan Nərgiztəpədə isə kəşfiyyat-qazıntı işləri aparılıb.

Nərgiztəpə ətrafında yerləşən orta əsrlərə aid müsəlman qəbiristanlığındakı bəzi qəbirüstü daşların üzərinə qazıma üsulla müxtəlif işarə və damğalar, oyma naxışlar çəkilib. XIII-XIV əsrlərdən etibarən baş daşları üzərində epiqrafik mətnlər ərəb qrafikası ilə Azərbaycan dilində həkk olunub. Bəzi qəbirlərin ətrafına düzülən iri yumru daşlar diqqəti cəlb edir. Rəvayətə görə, “Kitabi Dədə Qorqud” dastanlarında təsvir olunan hadisələrin bir çoxu, xüsusilə Qaraca Çobanla bağlı əhvalatlar məhz bu ərazilərdə baş verib, həmin iri daşlar isə Çobanın “sapand daşları”, yaxud “daşa dönmüş qoyunlarıdır”. Ümumiyyətlə, Nərgiztəpə ətrafındakı toponimlər bu ərazinin qədim oğuz türklərinin yurd yerləri olduğunu təsdiq edir: dastan qəhrəmanı Qazan xan “Qaraçuğun qaplanı” adlandırılır. Nərgiztəpə yaxınlığındakı yüksəkliklərdən birinin adı da məhz “Qaraçuğ”dur. Tarixi sənədlərdə bu ərazidə “Qaraçuğ” və “Oxçu” adlı kəndlərin yerləşdiyi bildirilir.

Nərgiztəpənin cənubunda iri və oval daşlardan inşa edilmiş mürəkkəb quruluşlu, mükəmməl tikili qalıqlarının – divarların izləri müşahidə olunur. Onların ətrafında təsadüf edilən saxsı və şüşə qab nümunələri bu tikili qalıqlarının erkən orta əsr alban memarlığına məxsusluğunu təsdiq edir.

Bu ilin may ayından başlayaraq Nərgiztəpə yaşayış məskənində arxeoloji qazıntı işləri davam etdirilir. Tədqiqatlar göstərir ki, bu abidə əsasən üç mədəni təbəqədən ibarətdir: orta tunc, antik və orta əsrlər. Burada 2,5 metr dərinlikdə aşkar edilən iri daşlardan və möhrədən ibarət müdafiə divarları daha çox diqqəti cəlb edir. Ağdam rayonu ərazisindəki Üzərliktəpə adlı orta tunc dövrü şəhər məskənində də belə müdafiə sisteminə rast gəlinib.

Xocavənd rayonunun işğal altında olan Muğanlı kəndi və Kuropatkin qəsəbəsi yaxınlığında yeni qeydə alınan antik dövrə aid (eradan əvvəl II əsrdən bizim eranın əvvəllərinədək) nekropoldakı küp qəbirlərdən biri açılıb öyrənilib. Gənc qadına məxsus bu qəbirdən 3 ədəd saxsı qab, tunc qolbaqlar, sırğa və üzüklər, 90-a yaxın muncuq tapılıb. Bu materiallar antik dövrdə və orta əsrlərdə həm Qarabağın dağlıq hissəsində, həm də Mil düzündə yaşayan qədim Azərbaycan əhalisinin mədəni təsərrüfat həyatının öyrənilməsinə imkan verir, onların dünyagörüşü ilə bağlı müəyyən təsəvvürlər yaradır. Arxeoloji tədqiqatlar qədim Azərbaycan əhalisinin mədəni təsərrüfat həyatında və dünyagörüşündə varisliyi bir daha nümayiş etdirir.

T.Əliyev bildirib ki, Nərgiztəpə ərazisində aparılan tədqiqatlar həm qədim tariximizin öyrənilməsi, həm də siyasi-ideoloji və strateji baxımdan böyük əhəmiyyət kəsb edir. Nərgiztəpədəki tarixi, arxeoloji, memarlıq abidələrinin, “Kitabi Dədə Qorqud”la səsləşən toponimlərin elmi əhəmiyyəti burada intensiv tədqiqatların aparılmasının, arxeoparkın yaradılmasının, turizm obyektlərinin açılması istiqamətində kompleks tədbirlərin görülməsinin zəruriliyini şərtləndirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.