REGİONLAR
86 saylı İsmayıllı DSK tərəfindən 29 bələdiyyə üzrə 735 namizəd qeydiyyatdan keçib
İsmayıllı, 15 noyabr, AZƏRTAC
Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı”na uyğun olaraq 86 saylı İsmayıllı Seçki Dairəsində yerli özünüidarəetmə orqanlarına dekabrın 23-də keçiriləcək seçkilərə hazırlıq işləri davam etdirilir.
Dairə seçki komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, dairə üzrə 69 seçki məntəqəsi fəaliyyət göstərir. Dəqiqləşdirilən seçici siyahılarına əsasən seçicilərin ümumi sayı 41584 nəfərdir. İlkin məlumata görə, onlardan 49,87 faizini kişilər, 50,13 faizini isə qadınlar təşkil edir. İlk dəfə səs verənlərin sayı 117 nəfərdir.
Seçkilərin şəffaf və mütəşəkkil keçirilməsi üçün maarifləndirici tədbirlər görülüb. Belə ki, məntəqə seçki komissiyalarının sədrləri, DSK-nın üzvləri, ekspert qruplarının üzvləri üçün seminar-treninqlər keçirilib. Bütün məntəqələr MSK-dan göndərilən vasitələrlə təmin olunub.
86 saylı İsmayıllı DSK-sı tərəfindən 29 bələdiyyə üzrə 735 nəfər namizəd qeydiyyatdan keçib. Onlardan 262 nəfəri siyasi partiyalardandır. Proses davam etdir. Seçkilərin qanunvericiliyin tələblərinə tam əmin olunmaqla, demokratik, azad və şəffaf keçirilməsi təmin ediləcək.