İDMAN
Azərbaycanın akademik avarçəkənlər dueti də “Rio-2016” Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb
Bakı, 6 sentyabr, AZƏRTAC
Azərbaycan akademik avarçəkənləri Aleksandr Aleksandrov və Boris Yotovdan ibarət duet 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Təmsilçilərimiz bu uğura Fransanın Eqebelet şəhərində keçirilən dünya çempionatında nail olublar.
AZƏRTAC xəbər verir ki, sentyabrın 6-da iki nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə “B” finalında çıxış edən cütlük finişə 8 dəqiqə 24,260 saniyəyə çataraq qalib adına yiyələnib. Nəticədə onlar ümumi sıralamada yeddinci yeri tutublar. Qaydalara əsasən, bu qayıq tipində ilk on birliyə düşənlər “Rio-2016”da iştirak hüququ qazanırlar. Ona görə də A.Aleksandrovdan və B.Yotovdan ibarət duet “B” finalında üstələdiyi böyük britaniyalı (08:24.450), kubalı (08:24.760), italiyalı (08:25.770) və bolqarıstanlı (08:25.840) cütlüklərlə birgə olimpiadaya vəsiqə qazanıblar.
Beləliklə, ölkəmiz akademik avarçəkmə növündə ardıcıl ikinci dəfə olimpiadada təmsil olunacaq. 2012-ci il London Yay Olimpiya Oyunlarında Aleksandr Aleksandrov bir nəfərlik qayıqla kişilər, Nataliya Mustafayeva isə qadınlar arasında 2000 metr məsafəyə yürüşdə mübarizə aparmışdı. Həmin ərəfədə keçirilmiş olimpiya təsnifat reqatasında isə A.Aleksandrov – B.Yotov dueti olimpiya təsnifat reqatasının “A” finalında üçüncü yeri tutaraq lisenziyasız qalmışdı. Amma ötən dövrdə həm A.Aleksandrov və həm də B.Yotov istər fərdi, istərsə də qoşa avarlı qayıqla mübarizədə xeyli təcrübə toplayıblar. Cəmi 19 yaşı olan B.Yotov Yeniyetmələrin ikinci Yay Olimpiya Oyunlarında gümüş medala sahib olub. O, hazırda akademik avarçəkmə növündə Azərbaycanın ilk olimpiya mükafatçısı sayılır. A.Aleksandrov isə 2013-cü ildə 23 yaşadək akademik avarçəkənlər arasında bir nəfərlik qayıqla dünya çempionu, 2014-cü ildə B.Yotovla birgə iki nəfərlik qayıqla Avropa çempionu olub.
Ümumilikdə, Azərbaycan avarçəkənləri 2015-ci ildə 4 olimpiya lisenziyası qazanıb. Üstəlik, lisenziyalar 2012-ci il London Olimpiadası ilə müqayisədə, yalnız akademik avarçəkmə və kanoedə deyil, həm də kayak növündə əldə olunub. Belə ki, qadın kayakçımız İnna Osipenko-Rodomska bir nəfərlik qayıqla 200 metr və 500 metr, kanoeçimiz Valentin Demyanenko isə bir nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə 2016-cı ildə Rio-de-Janeyroda təşkil ediləcək Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib.
Qeyd edək ki, avarçəkənlərə növbəti lisenziya şansları gələn ilin mayında keçiriləcək təsnifat reqatalarında veriləcək.