SİYASƏT
Diaspor rəhbəri Rusiya Xalqlar Assambleyasının üzvü seçilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Ümumrusiya Azərbaycan Konqresinin Saxalin vilayəti üzrə regional bölməsinin sədri Nazir Hətəmov Rusiya Xalqlar Assambleyasının üzvü seçilib. Cənubi Saxalin şəhərində keçirilən Rusiya Xalqlar Assambleyasının iclasında bununla bağlı qərar qəbul edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Nazir Hətəmov 1976-cı ildə Laçın rayonunun Danbulaq kəndində anadan olub. 1996-cı ildən 2012-ci ilədək Rusiya Silahlı Qüvvələrində hərbi xidmət keçdikdən sonra Saxalin vilayətinin Hərbi Komissarlıq xidmətinin rəisi vəzifəsində çalışıb. Kapitan hərbi rütbəsinədək yüksələn həmyerlimiz 2012-ci ilin dekabrından ehtiyata buraxılıb. Hazırda Rusiya Silahlı qüvvələrinin təqaüdçüsüdür.
Rusiya Silahlı Qüvvələrindən ehtiyata buraxıldıqdan sonra fərdi sahibkarlıqla məşğul olan Nazir Hətəmov, eyni zamanda, Saxalindəki Azərbaycan diasporunun fəal üzvlərindəndir. O, 2013-cü ilin iyun ayından Ümumrusiya Azərbaycan Konqresinin Saxalin vilayəti üzrə regional bölməsinə rəhbərlik edir.