İQTİSADİYYAT


Pirallahıda 9 ayın yekunları müzakirə olunub

Bakı, 21 oktyabr, AZƏRTAC 

Oktyabrın 21-də Pirallahı Rayon İcra Hakimiyyətində cari ilin doqquz ayı ərzində sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr edilən hesabat yığıncağı keçirilib.

Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vasif İmanov bildirib ki, müvafiq Dövlət Proqramına əsasən inşa edilən və Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirəcək körpünün 82 metrlik orta aşırımının dəmir-beton konstruksiyalarının quraşdırılması işlərinin 80 faizi artıq başa çatıb. Rayonun baş planının hazırlanması istiqamətində görülən işlər yekunlaşıb və planın müxtəlif nazirlik və komitələrlə razılaşdırılması prosesi başa çatdırılıb. “Yüksək Texnologiyalar Parkı” inşa olunacaq ərazidə tikinti işlərinin aparılması məqsədilə zəruri sənədləşmə aparılıb.

Dövlət Proqramına əsasən “Azərsu” ASC tərəfindən çəkilən Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin inşası uğurla davam etdirilir. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi-uşaq bağçasının inşaat işləri davam etdirilir. Artıq 140 yerlik körpələr evi-uşaq bağçasında dam örtüyü vurulub, binanın daxilində işlərin 80 faizi yekunlaşıb. Eyni zamanda, Dövlət Proqramına əsasən reallaşan 168 nömrəli tam orta məktəbdə mövcud binadan əlavə 300 şagird yerlik yeni korpusun tikintisi yekunlaşaraq sentyabrın 15-də istifadəyə verilib.

İnzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP-ın rayon təşkilatının inzibati binalarının, Heydər Əliyev Mərkəzinin inşası davam edir. Rayonda əhalinin mavi yanacaq, elektrik enerjisi, istiliklə fasiləsiz və təhlükəsiz şəkildə təmin edilməsi məqsədilə və payız-qış mövsümünə hazırlıqla əlaqədar təsərrüfatın yenilənməsi işləri aparılır.

Hesabat dövründə Pirallahı rayonunda sənaye istehsalı üzrə də nailiyyətlər əldə edilib. Bütövlükdə 2015-ci ilin doqquz ayı ərzində Pirallahı rayonu üzrə neft hasilatı 4 milyon 578 min 727 ton, qaz hasilatı isə 4 milyard 137 milyon 412 min kubmetr təşkil edib.

Vasif İmanov rayonun perspektiv inkişafının da daim diqqət mərkəzində olduğunu, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda rayon üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin yüksək səviyyədə təmin edildiyini vurğulayıb.

Sonda hesabat yığıncağının qərar layihəsi toplantı iştirakçılarının nəzərinə çatdırılıb və yekdilliklə qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.