CƏMİYYƏT
“8-ci kilometr Ticarət Mərkəzi”ndə yanğın təhlükəsizliyi ilə bağlı qayda pozuntusu aradan qaldırılıb
Bakı, 22 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) ölkədə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu ilin aprelində Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən paytaxtın Nizami rayonunun C.Naxçıvanski küçəsi, 38 K ünvanında yerləşən “8-ci kilometr Ticarət Mərkəzi”nin ərazisində plan üzrə yoxlama keçirilərək aşkarlanan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati cərimə tətbiq edilib. Bununla belə, oktyabrda aparılan təkrar yoxlama zamanı bir sıra pozuntuların aradan qaldırılmadığı məlum olub. Bu səbəbdən, yenidən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş inzibati cəza tətbiq olunub və inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aradan qaldırmaq haqqında ticarət mərkəzinin rəhbərliyinə təqdimat verilib.
Yoxlamalar zamanı aşkarlanmış ciddi pozuntulardan biri də yanğına qarşı su hovuzunun üzərində piştaxtaların quraşdırılması olub. Sahibkarlar onlara verilmiş müddət ərzində qanuni tələblərin icrasına səhlənkar yanaşaraq pozuntuları aradan qaldırmadıqlarına görə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən sahibkarlara son xəbərdarlıq edilərək inzibati xətanın törədilməsinə kömək edən səbəblərin və şəraitin aradan qaldırılması üçün 20 gün əlavə vaxt verilib. Həmçinin sahibkarlarla maarifləndirici söhbət aparılaraq, onlara yanğınsöndürmə texnikasının yanğın su hovuzundan su götürmək imkanının məhdudlaşdırılmasının faciəvi nəticələr doğura biləcəyi diqqətə çatdırılıb, həmin yerdə quraşdırılmış piştaxtaların ləğv edilməsi tələb kimi qoyulub.
Artıq Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə qanunsuz zəbt edilmiş ərazidə yanğın su hovuzunun üzərində piştaxtaların söküntüsü işlərinə başlanılması və yanğınsöndürmə texnikalarının hovuzdan su götürməsi imkanı təmin olunub.