CƏMİYYƏT
8 saylı Binəqədi I seçki dairəsi dairə seçki komissiyasında seçkilərə hazırlıq işləri uğurla davam etdirilir
Bakı, 29 yanvar, AZƏRTAC
Yanvarın 29-da 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün maarifləndirici treninqlər keçirilib.
AZƏRTAC xəbər verir ki, dairə seçki komissiyasının sədri Natiq Əliyev Milli Məclisə seçkilərlə bağlı hazırlıq işlərindən danışıb. Bildirib ki, seçki dairəsi üzrə hazırda 39 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Seçki dairəsi üzrə seçici sayı 48 min 107 nəfərdir. Seçicilərin 25 faizi gənclər, 964 nəfəri isə 80-100 yaşlı insanlardır. 118 nəfər ilk dəfə səs verəcək gənclərdir. Məntəqələrin bəzilərində veb-kameralar quraşdırılıb. Komissiya üzvlərinin normal fəaliyyət göstərmələri üçün məntəqələrdə hər cür şərait yaradılıb.
Treninqlərin üçüncü günündə dairə seçki komissiyasının katibi Faiq Əliyev və üzvü Nizami Novruzov səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki günü prosesləri və müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, bülletenlərin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması, səsvermə proseslərinə dair praktiki tapşırıqlar barədə məlumat veriblər.
Eləcə də seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri, Milli Məclisə seçkilərin keçirilməsi, nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili ilə bağlı məsələlərə toxunulub.