CƏMİYYƏT
“Dəyirmi masa”da milli dəyərlərin sosioloji baxımdan öyrənilməsinin vacibliyi vurğulanıb
Moskva, 21 noyabr, AZƏRTAC
Moskvada Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzinin və Moskva Dövlət Universitetinin (MDU) fəlsəfə fakültəsinin təşkilatçılığı ilə “Rusiya gənclərinin mənəvi dəyərlərinin və tolerantlıq hissinin inkişafında müəllim, valideyn və təhsil müəssisələrinin rolu” mövzusunda “dəyirmi masa” keçirilib.
Moskva Millətlər Evində keçirilən tədbiri Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzinin icraçı direktoru Mehman Şükürov açaraq gənc nəslin beynəlmiləl ruhda tərbiyə olunmasında maarifləndirici tədbirin əhəmiyyətini vurğulayıb.
Rusiya Dövlət Dumasınin sədri yanında Təhsil və Elm Şurasının üzvü və Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin dekan müavini, fəlsəfə elmləri doktoru Yelena Brızqalina çıxışında milli dəyərlər və tolerantlığın sosioloji baxımdan öyrənilməsi probleminin aktuallığından söhbət açıb.
Ümumrusiya Azərbaycanı Konqresi (ÜAK) prezidentinin müşaviri Manaf Ağayev tolerantlıq nümunəsi kimi Azərbaycanı misal gətirərək, son illər ölkəmizdə bu sahədə görülən işlərdən danışıb.
Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzinin direktoru Ramil İsmayılov, Kərim Kərimov adına 1583 saylı gimnaziyanın nəzdindəki etnomədəniyyət mərkəzinin metodisti Elmira İsmayılova, Moskva Dövlət Linqvistika Universitetinin MDB Ölkələri Dil və Mədəniyyət Mərkəzinin direktor müavini Vladimir Konev, universitetin Azərbaycan Mədəniyyəti Mərkəzinin rəhbəri Bella Musayev və başqaları Azərbaycanda əsrlər boyu müxtəlif millətlərin nümayəndələrinin dinc yanaşı yaşadığını söyləyib, son zamanlar sürətlə inkişaf edən Azərbaycan-Rusiya dostluq əlaqələrindən söhbət açıblar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva