CƏMİYYƏT
Günün astronomik hadisələri
Bakı, 22 fevral, AZƏRTAC
Bu gecə müşahidə ediləcək (meteoşərait imkan verdiyi təqdirdə) bədirlənmiş Ay folklora əsasən “Qar Ay”ı (“Snow Moon”) adlanır. Ümumilikdə, Yerin şimal yarımkürəsində fevral ayı ən qarlı aylardan sayılır. Bədirlənmiş (tam və ya bütöv də adlanır) Ayın işığı qarla örtülmüş səthdən əks olunmaqla, gecə əsrarəngiz mənzərə yaradır. Fevralın 23-də isə Ay Yupiterlə “birləşmə”də olacaq.
AZƏRTAC-a bu haqda məlumat verən AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib ki, hazırda Günəşdə nisbi sakitlik hökm sürür: cəmi 47 ləkə var, alışma generasiya etmək ehtimalı aşağıdır. Geomaqnit Kp indeksi 1-3 arasında dəyişir ki, bu da zəif həyəcanlanma sayılır. Günəş küləyinin cari sürəti isə norma daxilindədir.
Yer kürəsi fevralın 16-18-də geomaqnit həyəcanlanmalarına və qasırğalarına səbəb olmuş Günəşdən “əsən” yüksəksürətli plazma küləyinin təsiri altından çıxmaqdadır. Lakin sevinmək tezdir: Günəşin qütbünə yaxın hissədə yeni tac dəliyi formalaşıb. Buradan - maqnit qüvvə xətlərinin açıq olduğu hissədən asanlıqla başlanğıcını götürəcək növbəti yüksəksürətli qaynar plazma küləyi (əsasən elektron və protonlardan ibarət) fevralın 23-24-də Yerətrafı fəzaya çataraq. Bu da növbəti geomaqnit həyəcanlanmasına, əgər uyğun fiziki şərait yaranarsa, geomaqnit qasırğasına səbəb olacaq.
Şimal ölkələrində yaşayan insanlar qütb parıltısını həm müşahidə edə, həm də onun şəkillərini çəkə biləcəklər. Bizə isə bunu yalnız internetdə izləmək nəsib olacaq. Belə ki, orta en dairələrində “Avrora Borealis”i müşahidə etmək mümkün deyil.