CƏMİYYƏT
Universitetdə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar maarifləndirmə tədbiri keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə ATMU-nun rektoru, professor C.Cəfərov narkomaniyanın bəşəriyyət üçün böyük bəla olduğunu, “ağ ölüm”ə qarşı cəmiyyətin hər bir üzvünün fəallıq göstərməyinin vacibliyini diqqətə çatdırıb.
Bakı şəhəri Baş Polis İdarəsinin (BPİ) Veteranlar Şurasının sədri, təqaüddə olan polis polkovnik-leytenantı Emin Məmmədov, BPİ-nin yetkinlik yaşına çatmayanların işi üzrə bölməsinin baş inspektoru, polis mayoru Məryəm Ömərova, Nərimanov Rayon Polis İdarəsinin Veteranlar Şurasının sədr müavini Əsgərağa Hüseynov mövzuya dair çıxışlarında ümummilli lider Heydər Əliyevin gənclərə, onların təhsilinə daim böyük diqqət və qayğı göstərdiyini, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd ediblər. Eyni zamanda, Dövlət proqramının icrası ilə bağlı görülmüş işlərdən danışıblar.
Tədbirdə narkomaniyanın ağır fəsadlarını əks etdirən videoçarx nümayiş olunub.