ELM VƏ TƏHSİL
“Böyük Qafqazda ekogeomorfoloji təhlükə və risk” tədqiqat işi “Finalçı diplomu” ilə təltif olunub
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutu direktorunun elmi işlər üzrə müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə və aparıcı elmi işçi, coğrafiya üzrə fəlsəfə doktoru Stara Tarixazərin “Böyük Qafqazda ekogeomorfoloji təhlükə və risk (Azərbaycan daxilində)” tədqiqat işi Rusiya Coğrafiya Cəmiyyətinin (RCC) milli “Büllur kompas” müsabiqəsinin “Elmi nailiyyət” nominasiyasında qalibi olub və “Finalçı diplomu” ilə mükafatlandırılıb (Eyniadlı monoqrafiya 2015-ci ildə MDU-nun “MaksPRESS” nəşriyyatı tərəfindən çap edilib).
Təltif olunma mərasimi Rusiya Federasiyasının Krasnodar şəhərində keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Büllur kompas” mükafatı Rusiya Federasiyasının (RF) coğrafiya, ekologiya, təbii tarixi irsin qorunması və təbliği sahəsində birinci mükafatdır və hər il müsabiqə əsasında verilir. Müsabiqənin qəyyumlar şurasının sədri RF-nin prezidenti Vladimir Putin, prezidenti isə müdafiə naziri S.Şoyqudur. Azərbaycan alimləri ilk dəfədir ki, RCC-nin keçirdiyi belə mötəbər müsabiqədə iştirak edirlər.
Müsabiqənin keçirildiyi dövrdə Rusiyanın 80 regionundan və dünyanın 19 ölkəsindən təşkilat komitəsinə 815 layihə daxil olub. Bu il müsabiqəyə ABŞ, Belarus, Çin, Monqolustan, Litva, Serbiya, Polşa və başqa ölkələrdən 315 layihə təqdim edilib. İxtisas seçimindən keçmiş 227 layihədən 33-ü final mərhələsinə buraxılıb.