ELM VƏ TƏHSİL
Xəzər Universitetinin “Imagine” komandası ekstremizmə qarşı beynəlxalq müsabiqəsinin qalibi olub

Bakı, 20 may, AZƏRTAC
Xəzər Universitetinin “Imagine” komandası ekstremizmə qarşı beynəlxalq müsabiqənin qalibi olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “Imagine” komandası P2P: Ekstremizmə qarşı Mübarizə Proqramında iştirakı çərçivəsində hazırladığı və həyata keçirdiyi marketinq kampaniyası ilə altı finalçıdan biri seçilib. Beynəlxalq müsabiqədə dünyanın 30 ölkəsindən 100 universitet iştirak edib. Bu il müsabiqədə Azərbaycandan iki universitet iştirak edib. Seçilən top altı finalçı bu ilin iyununda öz kampaniyalarını ABŞ-da (Washington, D.C.) təqdim edəcək. Altı komanda ABŞ Dövlət Departamenti və “Facebook” şirkətini təmsil edən iki münsiflər heyəti tərəfindən seçilib. Hər iki münsiflər heyəti təqaüd üçün bir-birləri ilə yarışan üç komanda təqdim edib.
“Imagine” komandası ABŞ Dövlət Departamenti tərəfindən seçilib və kampaniyalarını iyunun 27-də Belçika və ABŞ-dan olan iki universitet komandasına qarşı baş dövlət rəsmilərinə təqdim edəcək. Bir-birlərinə qarşı yarışan digər üç komanda isə Əfqanıstan, Belçika və Niderlanddan olan universitetləri təmsil edir. Bu komandalar kampaniyalarını “Facebook” rəhbərliyinə təqdim edəcək.
“Imagine” komandasının üzvləri iqtisadiyyat və menecment fakültəsinin tələbələridir. Komandaya marketinq fənninin müəllimi Sana İmran rəhbərlik edir.
P2P: Ekstremizmə qarşı Mübarizə Proqramı ABŞ Dövlət Departamenti tərəfindən dəstəklənən və “EdVenture Partners” (EVP) marketinq şirkətinin universitet gəncləri üçün həyata keçirdiyi qlobal təşəbbüs və beynəlxalq müsabiqədir.