REGİONLAR
“Sabaha sağlam ruhla” layihəsi Koreya-Azərbaycan dostluq münasibətlərinin göstəricisidir VİDEO











Beyləqan, 21 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Koreya Respublikasının Azərbaycandakı səfirliyi və SEBA (Seul-Bakı) Azərbaycan Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xocavənd Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Sabaha sağlam ruhla” layihəsi həyata keçirir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində xocavəndli məcburi köçkünlərin şərq təbabəti ilə müalicəsi, şəhid ailəsi ilə görüş və şagirdlər arasında “Sehrli nağıl” rəsm müsabiqəsi keçirilib.
Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyu layihənin əhəmiyyətini vurğulayaraq, onun ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib. Məcburi köçkünlərin tezliklə öz doğma torpaqlarına qayıtması ilə bağlı arzularını dilə gətirib.
SEBA Assosiasiyasının nəzdində fəaliyyət göstərən Koreya Şərq Təbabəti Klinikasının baş həkimi Zərifə Quliyeva çıxışında Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə göstərdiyi böyük diqqət və qayğıdan danışıb, Assosiasiyanın hər zaman belə xeyriyyə tədbirlərinin təşkilinə dəstək verdiyini bildirib. Qeyd edib ki, 2005-ci ildə yaradılmış Azərbaycan Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası mədəniyyət, incəsənət, arxeologiya, səhiyyə və digər humanitar sahələrdə layihələr həyata keçirib. Bu layihələr içərisində ən uğurlularından biri Koreya Şərq Təbabəti Klinikasının yaradılmasıdır. Xocavənd qəsəbəsində reallaşdırılan layihə 2015-ci ildə Füzuli rayonunun Horadiz şəhərində həyata keçirilən “Sabaha sağlam ruhla” adlı layihənin davamıdır.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov layihənin Koreya-Azərbaycan dostluq münasibətlərinin göstəricisi olduğunu qeyd edərək, xocavəndliləri yaddan çıxarmadıqları üçün Koreya Respublikasının Azərbaycandakı səfirliyinə və Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasına təşəkkürünü bildirib.
Layihə çərçivəsində Kyung Hee Universitetinin Bakıda SEBA Assosiasiyasının nəzdində fəaliyyət göstərən Koreya Şərq Təbabəti Klinikasının koreyalı həkim və fizioterapevtləri tərəfindən əzələ və oynaq xəstəliklərindən əziyyət çəkən məcburi köçkünlərə tibbi xidmət göstərilib. 200 məcburi köçkün Koreya şərq təbabəti üsulları ilə müalicə edilib, dərman preparatları ilə təmin olunub.
Səfir Kim Çanq-gyu və SEBA Assosiasiyasının nümayəndələri sonra Xocavənd rayonu Qaradağlı kəndindən məcburi köçkün Əlqəmə Quliyevin ailəsinə baş çəkib, onlarla səmimi söhbət ediblər. Səfirə bildirilib ki, 1992-ci il fevralın 17-də Qaradağlı kəndinin işğalı zamanı kənd sakinlərindən 118 nəfəri əsir götürülüb, 33 nəfəri güllələnib. Ermənilər cəsədləri və yaralıları bir yerdə təsərrüfat quyusuna tökərək üzərini torpaqlayıblar. Qaradağlı kəndində 77 nəfər - kəndin hər 10 sakinindən biri qətlə yetirilib. Öldürülənlərdən 21-i ahıl və qocalar, 12-si qadın, 8-i məktəb yaşlı uşaq olub. Erməni quldurları Əlqəmə Quliyevin oğlunu, nəvəsini və qardaşı övladlarını da qətlə yetiriblər.
Bir vaxtlar Koreyanın da işğalla üzləşdiyini deyən səfir xocavəndli məcburi köçkünləri yaxşı başa düşdüyünü bildirib. Ailəyə səfirliyin və SEBA Assosiasiyasının hədiyyələri təqdim olunub.
Layihə çərçivəsində Salakətin kənd tam orta məktəbində 3-5-ci sinif şagirdləri arasında “Sehrli nağıl” rəsm müsabiqəsi keçirilib. Şagirdlər “Göyçək Fatma” Azərbaycan nağılı və “Şim Çonqun hekayəsi” Koreya nağılı haqqında təsəvvürlərini rəsmlərdə əks etdiriblər.
Mədəniyyət evində keçirilən mükafatlandırma mərasimində şagirdlərə səfirlik tərəfindən məktəbli çantaları, məktəb ləvazimatları, SEBA Assosiasiyası tərəfindən isə müxtəlif oyuncaq və şirniyyatlar hədiyyə edilib.