RƏSMİ XRONİKA


AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN RUSİYA FEDERASİYASINA DÖVLƏT SƏFƏRİ

Rusiyada dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yanvarın 25-də “Naməlum əsgər” xatirə abidəsinin yerləşdiyi Aleksandr bağına gəldi.

Burada fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavinləri Valeri Loşşinin və Viktor Kalyujnı, Rusiya Federasiyasının ölkəmizdəki səfiri Nikolay Ryabov, Azərbaycan baş nazirinin birinci müavini Abbas Abbasov, xarici işlər naziri Vilayət Quliyev, iqtisadi inkişaf naziri Fərhad Əliyev və digər rəsmi şəxslər qarşıladılar.

Azərbaycan Prezidenti Heydər Əliyev hərbi orkestrin ifa etdiyi həzin matəm musiqisinin sədaları altında fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Dövlətimizin başçısı naməlum əsgərin məzarı üzərinə əklil qoydu.

Orkestr Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnlərini ifa etdi.

X X X

Dövlətimizin başçısı Heydər Əliyev sonra Böyük Kreml sarayına gəldi. Kremlin Georgi salonunda Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiya Prezidenti Vladimir Putin tərəfindən rəsmi qarşılanma mərasimi oldu.

Cənab Vladimir Putin dövlətimizin başçısı Heydər Əliyevi bir daha hərarətlə salamladı.

Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti Rusiya Prezidentinə, Rusiya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Sonra Böyük Kreml sarayının Yaşıl qonaq evində Azərbaycan Prezidenti Heydər Əliyev ilə Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü keçirildi.

Təkbətək görüşdən sonra Yekaterina salonunda Prezident Heydər Əliyevin və Prezident Vladimir Putinin rəhbərliyi ilə geniş tərkibdə Azərbaycan-Rusiya danışıqları oldu.

Danışıqılarda Rusiya tərəfdən xarici işlər naziri İqor İvanov, Təhlükəsizlik Şurasının katibi Vladimir Ruşaylo, Rusiya hökuməti sədrinin müavini Viktor Xristenko, RF-nin Azərbaycandakı səfiri Nikolay Ryabov, Azərbaycan tərəfdən baş nazirin birinci müavini Abbas Abbasov, xarici işlər naziri Vilayət Quliyev, müdafiə naziri Səfər Əbiyev, iqtisadi inkişaf naziri Fərhad Əliyev, MEA-nın prezidenti Mahmud Kərimov və digər rəsmi şəxslər iştirak edirdilər.

Daha sonra Böyük Kreml sarayının Qırmızı qonaq evində Azərbaycan ilə Rusiya arasında sənədlərin imzalanması mərasimi oldu.

Prezident Heydər Əliyev və Prezident Vladimir Putin Qəbələ radiolokasiya stansiyasının (“Dəryal” RLS) statusu, ondan istifadə olunmasının prinsipləri və şərtləri haqqında saziş, 2010-cu ilədək olan dövr üçün uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında müqavilə, Birgə bəyanat imzaladılar.

Rusiya və Azərbaycan nümayəndə heyətlərinin üzvləri Rusiya Federasiyası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında iqtisadi əməkdaşlığın əsas prinsipləri və istiqamətləri haqqında, istehsal kooperasiyası haqqında, vergi qanunvericiliyinin pozulması sahəsində mübarizədə əməkdaşlıq və informasiya mübadiləsi haqqında, sərhəd nümayəndələrinin fəaliyyəti haqqında sazişləri imzaladılar.

İmzalanma mərasimindən sonra Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti Heydər Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələri üçün qısa brifinq keçirdilər və görüşlər, aparılan danışıqlar barədə məlumat verdilər.

X X X

Elə həmin gün Kremldə, respublikamızın rəhbəri üçün ayrılmış dövlət iqamətgahında Azərbaycan Prezidenti Heydər Əliyevin Moskva şəhərinin meri Yuri Lujkovla görüşü oldu. Söhbət zamanı Azərbaycan ilə Moskva hökuməti arasında iqtisadi və mədəni əməkdaşlığa dair geniş fikir mübadiləsi aparıldı.

X X X

Yanvarın 25-də Azərbaycan Prezidenti Heydər Əliyev Moskva Dövlət Universitetinə gəldi. Dövlətimizin başçısı Heydər Əliyevi universitetin rektoru Viktor Sadovniçi səmimiyyətlə qarşıladı.

Universitetin böyük iclas salonunda dünya şöhrətli bu ali təhsil ocağının yubileyinə və Azərbaycan Prezidenti Heydər Əliyevə MDU-nun fəxri doktoru adı verilməsinə həsr olunmuş mərasim keçirildi.

Salona toplaşanlar respublikamızın rəhbərini hərarətlə qarşıladılar. V.Sadovniçi mərasimi açaraq qonaqları təqdim etdi və universitetin yubileyi münasibətilə geniş nitq söylədi.

Sonra rektor Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə universitetin fəxri doktoru verilməsi barədə elmi şuranın qərarını oxudu, fəxri doktor diplomunu və medalını dövlətimizin başçısına təqdim etdi.

Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə nitq söylədi, respublikamızda elmin inkişafında, xüsusən, ölkəmiz üçün elmi kadrların hazırlanmasında universitetin böyük rolu olduğunu vurğuladı. Dövlətimizin başçısı ona göstərilən diqqətə görə minnətdarlığını bildirdi.

Mərasimdə Rusiya Dövlət dumasının sədri Gennadi Seleznyov, RF hökuməti sədrinin müavini İlya Klebanov, Moskva şəhərinin meri Yuri Lujkov, təhsil naziri Vladimir Filippov və digər rəsmi şəxslər, Azərbaycan nümayəndə heyətinin üzvləri iştirak edirdilər.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev daha sonra Rusiya hökumətinin binasına gəldi. Burada Prezident Heydər Əliyev ilə Rusiya Federasiyası hökumətinin sədri Mixail Kasyanov arasında görüş oldu. Səmimilik şəraitində keçən söhbət zamanı ölkələrimiz arasında iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri barədə ətraflı fikir mübadiləsi aparıldı.

X X X

Həmin gün axşam Böyük Kreml sarayının Aleksandr salonunda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şərəfinə rəsmi ziyafət verildi.

Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasına dövlət səfəri davam edir.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin