RƏSMİ XRONİKA


XARİCİ İŞ ADAMLARININ AZƏRBAYCANDA DAHA SƏMƏRƏLİ FƏALİYYƏTİ ÜÇÜN HƏR CÜR ŞƏRAİT YARADILIR
XARİCİ SAHİBKARLARLA GÖRÜŞDƏ AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN YEKUN NİTQİ

- Hörmətli xanımlar və cənablar!

Bu görüşə gəldiyinizə, bəyan etdiyiniz fikirlərə, təkliflərinizə, tənqidinizə görə sizə bir daha təşəkkür edirəm. Bildirmək istəyirəm ki, aprelin 25-də keçirdiyimiz görüş və bugünkü görüşümüz Azərbaycan iqtisadiyyatının problemlərini həll etmək, onun inkişafını təmin etmək üçün çox əhəmiyyətlidir. Əmin ola bilərsiniz ki, sizin irəli sürdüyünüz təkliflər, tənqidi fikirlər, göstərdiyiniz faktların hamısı, o cümlədən burada səslənməyən, ancaq yazılı şəkildə təqdim etdiyiniz təkliflər hamısı birlikdə çox diqqətlə təhlil olunacaq və Azərbaycanda iqtisadiyyatın, biznesin inkişafı üçün nəzərdə tutduğumuz gələcək tədbirlərimizdə onlardan istifadə ediləcəkdir.

Burada bildirilən fikirlər biznesin müxtəlif sahələrinə aiddir. Mən bu barədə danışmaq istəmirəm. Çünki bizim bu tədbirlərin forması bundan ibarətdir ki, biz qapalı görüşdə sizinlə açıq söhbət aparırıq və bunların nəticəsindən istifadə edəcəyik. İndi isə bizim bu görüşümüzə yekun vuraraq bildirmək istəyirəm ki, göstərilən bütün nöqsanlara, qüsurlara baxmayaraq, Azərbaycanın iqtisadiyyatı son illər sürətlə inkişaf edir. Azərbaycanda iqtisadi islahatlar və onlardan əvvəl siyasi, hüquqi islahatlar uğurla həyata keçirilibdir. Biz çox işlər görmüşük və onların əməli nəticələrini müşahidə edirik.

İqtisadiyyatımızın son illərdə ardıcıl olaraq, ilbəil inkişaf etməsi məhz Azərbaycanda bazar iqtisadiyyatının həyata keçirilməsi üçün lazım olan tədbirlərin görülməsinin nəticəsidir.

Biz 1990-cı illərin əvvəllərində dövlət müstəqilliyini əldə edəndə keçmiş sosialist sisteminin iqtisadiyyatına malik idik. Ağır bir şəraitdə dövlət müstəqilliyini qoruyub saxlaya bildik, Azərbaycanın iqtisadiyyatında mövcud olan dağıdıcı proseslərin qarşısını aldıq və tədricən iqtisadiyyatı inkişaf etdirməyə başladıq. O vaxt da biz bəyan etmişdik ki, Azərbaycanda iqtisadiyyatın inkişafını təmin etmək üçün xarici sərmayənin cəlb olunması, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edilməsi, ticarətin liberallaşdırılması əsas şərtlərdən biridir.

Biz bu yol ilə getdik. Məlumdur ki, 1994-cü ildən başlayaraq Azərbaycanda yeni neft strategiyasının həyata keçirilməsi ölkəmizin iqtisadiyyatının inkişafında xüsusi rol oynayır. Biz 1994-cü ildə ilk müqaviləni – “Əsrin müqaviləsi”ni imzalayanda buna inanırdıq, gələcəyə çox böyük ümidlə baxırdıq. Ancaq o müqavilənin nə qədər ağır və çətin şəraitdə imzalanmasını və sonra onun Azərbaycanda həyata keçirilməsi üçün müxtəlif maneələrin olmasını nəzərə alsaq, aydın olar ki, biz nə qədər ağır və çətin bir yol keçmişik. Ancaq bu yolu keçmişik və bunun müsbət nəticələri göz qabağındadır. İndi artıq Azərbaycanda neft sektorunda böyük layihələr həyata keçirmişik və həyata keçiririk. Pay bölgüsünə aid 21 müqavilə imzalanıbdır. Onların bir çoxu artıq öz nəticələrini verir.

Burada bildirildi ki, neft sahəsində müqavilələrin həyata keçirilməsində 400 xarici şirkət iştirak edir. Bu, təkcə neft sahəsinə yox, ona xidmət edən bütün başqa sahələrə xarici sərmayənin və şirkətlərin cəlb olunmasının əyani nümunəsidir.

Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri artıq reallığa çevrilmişdir. Hörmətli cənab Vudvord burada bildirdi ki, bu ilin sonuna kimi Bakı-Tbilisi-Ceyhan boru xəttinin inşasına başlanacaqdır. Gələn il Bakı-Tbilisi-Ərzurum qaz xəttinin inşasına başlanacaqdır. Ancaq təkcə bunlar deyil, bizim başqa böyük layihələrimiz də var. Amma bunlarla yanaşı, biz daim çalışmışıq ki, qeyri-neft sektoruna da xarici sərmayə cəlb olunsun və xarici ölkələrin şirkətləri həm müstəqil şəkildə, həm də Azərbaycan şirkətləri ilə bərabər ölkəmizdə iş görsünlər və biz respublikamızın iqtisadiyyatının bütün sahələrini inkişaf etdirə bilək.

Cəhdlərimiz çoxdur, nailiyyətlərimiz də var. Ancaq istədiymizin çoxuna hələ nail olmamışıq. Bu yolda çətinliklər də var. Bunlar həm bizim üçün olan çətinliklərdir, həm də xarici sərmayəçilər üçün, xarici ölkələrin iş adamları, xarici şirkətlər üçün olan çətinliklərdir. Ona görə də aprel ayının 25-də keçirilmiş görüşün, bu gün keçirilən görüşün nəticələrinə əsasən biz böyük tədbirlər planı hazırlayırıq. Bir çox fərmanların layihələri hazırlanır. Hakimiyyət orqanlarının nümayəndələri ilə də görüş keçiriləcəkdir.

Ümidvaram ki, mövcud olan nöqsanların çoxunun aradan qaldırılması üçün lazımi tədbirlər görmək mümkün olacaqdır.

Sizin burada dediyiniz və bizə məlum olan, xarici biznesmenlərin iş görməsinə əngəl törədən problemlər, çətinliklər bir çox qrupa bölünür. Bunların bir hissəsi Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədardır.

Ancaq mən bu gün sizləri dinləyərək və özüm də müəyyən qədər daxilən təhlil edərək düşünürəm ki, biz bir çox qanunlar qəbul etmişik. Bəzən bir qanun o biri qanunun bir hissəsinə mane olur. Bir qanun o birini təkrarlayır. Bəlkə də qanunlar çox olduğuna görə onların icrasını təmin etmək də çox çətin olur. Amma bu o demək deyildir ki, bundan sonra qanunlar qəbul edilməməlidir. Qanunlar qəbul olunacaqdır. Lazım olan qanunlar qəbul ediləcəkdir. Əmin edirəm ki, qanunların hamısının məzmunu Azərbaycanda özəl sektorun, biznesin inkişafını təmin etmək, xarici sərmayəni Azərbaycana cəlb etmək məqsədi daşıyacaqdır. Buna görə də qanunvericiliyin təkmilləşdirilməsi, - bu görüşlərdən mən nəticə çıxarıram, - bizim qarşımızda duran məsələlərdən biridir.

Vergi haqqında burada hamı danışdı. Vergidən heç kəs məmnun deyildir. Hər bir iş admı arzu edərdi ki, vergi olmasın, yaxud da vergi çox az olsun. İş adamı iş görməlidir, qazanc götürməlidir. Lakin dövlət, ölkə də yaşamalıdır. Vergilər toplanmalıdır. Amma bugünkü danışıqlardan sonra, görünür ki, biz vergilər haqqında da düşünməliyik, lazımi tədirlər görməliyik.

Burada iş adamlarına mane olan çox misallar gətirildi. Həm Vergilər Nazirliyi və onun orqanları, həm Gömrük Komitəsi və onun bütün orqanları... Bəlkə siz bu gün demədiniz, yaxud da az dediniz. Özəl sektora müdaxilə, bizim ayrı-ayrı orqanlar tərəfindən onların yoxlanılması və beləliklə, onların işlərinin pozulması faktları da bizə məlumdur. Hüquq mühafizə orqanları əməkdaşlarının vəzifələrindən sui-istifadə etməsi təkcə iş adamlarına deyil, bir çox sahələrdə biznesin də inkişafına çox mane olur.

Lisenziyalar haqqında çox danışıldı. Bu barədə biz düşünürük. Ancaq ötən görüşdə və bugünkü görüşdə söylənən fikirlər tələb edir ki, lisenziya sistemini köklü surətdə təkmilləşdirmək lazımdır. Lisenziyalar çoxdur. Onları verən orqanlar çoxdur. Burada deyildi ki, lisenziyanı çox hallarda rüşvətsiz vermirlər. Deməli, bunların qarşısı alınmalıdır. Yenə deyirəm, lisenziya sistemi tamamilə təkmilləşdirilməlidir.

Rüşvətxorluq, korrupsiya haqqında da fikirlər söylənildi. Ümumiyyətlə, biz bilirik, həm biznes sahəsində, həm iqtisadiyyatda, həyatımızın başqa sahələrində belə hallar var. Bunlarla mübarizə aparırıq və bundan sonra da aparacağıq. Güman edirəm ki, bizim bu iki görüş nəticəsində görəcəyimiz tədbirlərdə məhz rüşvətxorluqla mübarizə xüsusi yer tutmalıdır.

Burada bir çox başqa problemlər haqqında da danışıldı. Hamısı nəzərə alınacaqdır. Əgər neft sektorunu kənara qoysaq, Azərbaycanda özəl sektor yaranandan indiyə qədər xarici şirkətlər, əsasən, ticarət, xidmət, iaşə, bir az da nəqliyyat sahəsindədir. Bu sahələrə ilk illərdə, əsasən, xarici şirkətlər cəlb olunublar, yaxud da onlar maraq göstəriblər. Ya özləri, ya da yerli şirkətlərlə birlikdə çox işlər görüblər. Bu işlər öz nəticəsini verir. Bir tərəfdən, bizim iqtisadi islahatları, özəlləşdirmə proqramını həyata keçirməyimiz, digər tərəfdən, xarici ölkələrin şirkətlərinin Azərbaycanda ticarət, xidmət, iaşə və s. sahələrdə çox işlər görməsi, demək olar ki, bu sahələri lazımi səviyyəyə qaldırıbdır. İndi Azərbaycanda ticarət, demək olar, tamamilə özəl sektora məxsusdur. Çox məmnunedici haldır ki, özəl sektor da ticarəti yaxşı inkişaf etdiribdir. Bizdə indi gözəl ticarət şəbəkələri, mağazaları, müəssisələri yaranıbdır. Dünyanın bir çox ölkələrindən müxtəlif çeşidli mallar gətirilir. Azərbaycan bazarı tamamilə doludur, bu barədə heç bir problem yoxdur.

Siz bəlkə də bir o qədər demədiniz ki, xaricdən mal gətirən və burada ticarətlə məşğul olan hər bir iş adamı böyük çətinliklərlə rastlaşır. Amma biz bunu bilirik. Ancaq görün ki, bizim iş adamları, təkcə bizim yox, Azərbaycana gələn xarici ölkələrin iş adamları nə qədər inadla iş görmək istəyirlər ki, bütün bu maneələrdən, bürokratik əngəllərdən keçərək, harada onlardan rüşvət tələb edirlərsə, o rüşvətləri verərək Azərbaycanda ticarəti inkişaf etdiriblər. Hesab edirəm ki, bu, bizim əsas nailiyyətlərimizdən biridir.

İndi inşaat sahəsində biznes inkişaf edir. Geniş miqyasda inşaat işləri gedir. Ümumiyyətlə, Azərbaycanda, ölkəmizin bütün bölgələrində sürətlə inşaat işləri gedir. Bu da şəxsi evlərin tikilməsidir. Müxtəlif bölgələrdə insanlar özləri üçün şəxsi evlər tikirlər. Kənd yerlərində çox, deyə bilərəm ki, müasir tələblərə uyğun fərdi evlər tikilir. Bakı şəhərində də müasir tələblərə cavab verən çox binalar, yaşayış evləri tikilir. Bunlar müsbət haldır. Biz bunları dəstəkləyirik. Hesab edirəm ki, bizim iş adamları bu sahədə daha uğurlu işlər görəcəklər.

Başqa xidmət sahələrində də xarici və yerli şirkətlər çox iş görüblər və görürlər. Bu gün burada sərgiyə baxdıq. Sərgidə təqdim olunan mallar, əsasən, həmin şirkətlərin istehsal etdikləri məhsullardır. Ancaq indi Azərbaycanın yerli iş adamları 6-7 il bundan əvvəlki səviyyədə deyillər. Onlar xarici şirkətlərlə birgə iş görərək, xarici ölkələrin təcrübəsindən istifadə edərək, artıq müasir səviyyədə işləyə bilirlər. Ona görə də yerli biznes genişlənibdir. Bəlkə bu səbəbdən də inşaat, yaxud da ticarət, iaşə sahəsində xarici şirkətlər azalıbdır. Bu, təbii prosesdir. Çünki yerli sahibkarlıq artıq inkişaf edibdir.

Biz istəyirik ki, xarici sərmayə vasitəsilə, xarici şirkətlər vasitəsilə Azərbaycanda yerli sahibkarlığı, yerli biznesi inkişaf etdirək. Ançaq indi qeyri-neft sektoru haqqında danışanda, xarici sərmayənin cəlb olunması və yerli sərmayədən istifadə olunması vasitəsilə onun inkişafını təmin etmək haqqında danışanda, birinci növbədə istehsal sahəsini nəzərdə tuturuq. Açıq demək lazımdır ki, bizdə neft sektorundan kənarda biznesin istehsal sahəsi çox azdır. Xaricdən gələn şirkətlər bu sahəyə az sərmayə qoyublar, az fəaliyyət göstəriblər, bu sahəyə o qədər də böyük maraq göstərməyiblər. Həm də bizim yerli iş adamları daha çox ticarətlə, indi inşaatla, iaşə, xidmət və başqa sahələrlə məşğuldurlar. Ançaq istesal müəssisələri yaratmaq, yerli isteshalı inkişaf etdirmək və bunun nəticəsində yeni iş yerləri açmaq indi bizim bazar iqtisadiyyatında, özəl sektorda əsas vəzifələrimizdir. Mən arzu edərdim ki, Azərbaycana maraq göstərən xarici şirkətlər indi qeyri-neft sektorunda daha çox istehsal sahəsi ilə məşğul olsunlar. Azərbaycanda bu barədə imkanlar çoxdur. Burada deyildi ki, bir çox sənaye müəssisələri özəlləşdiriləcəkdir. Bizdə çoxlu maşınqayırma zavodları, metallurgiya sənayesi, kimya sənayesi var. Azərbaycanda kənd təsərrüfatı məhsullarının emalı üçün çox gözəl sənaye müəəsisələri yaratmaq olar. Mən istəyirəm ki, bunlara xarici sərmayə daha çox cəlb olunsun. Xarici ölkələrin şirkətləri bu sahəyə daha da çox maraq göstərsinlər.

Azərbaycanda kənd təsərrüfatı tamamilə özəlləşibdir. Bu da çox yaxşı nəticələr verir. Kənd təsərrüfatı məhsullarının istehsalı ilbəil artır. Azərbaycan bir çox ərzaq məhsulları ilə özünü təmin edə bilir. Bilirsiniz ki, bazarlarda Azərbaycanda istehsal olunan həddindən çox ərzaq məhsulları var. Ançaq bu məhsulların emal edilməsi hələ ki, çox zəifdir. Mən bu sahəyə də xarici sərmayəçilərin cəlb olunmasını istərdim.

Burada bizim rabitə sahəsindəki nöqsanlardan danışıldı. Mən deyilən tənqidlərlə tamamilə razıyam. Demək olar ki, bizim bütün sahələrdə görülən işlərimiz az da, çox da olsa, lazımi səviyyədə gedir. Ançaq təəssüflər olsun ki, bu sahədə hələ ki, lazımi iş görə bilməmişik. Guman edirəm ki, biz yaxın vaxtlarda bununla ciddi məşğul olmalıyıq.

Bu görüşlərin nəticəsi ilə əlaqədar biz Azərbaycanın dövlət hakimiyyət orqanlarının vəzifələri haqqında gələcək görüşümüzdə ətraflı danışacağıq. Ançaq mən indi sizi əmin etmək istəyirəm ki, dediyiniz tənqidlə tamamilə razıyam. Sizin irəli sürdüyünüz təkliflərin çoxu əhəmiyyətlidir və onlar nəzərə alınacaqdır. Bu görüşlərdən sonra Azərbaycanda yerli sahibkarlığın, ümumiyyətlə, biznesin inkişafı üçün daha yaxşı şərait yaradılacaqdır.

Bazar iqtisadiyyatına keçid ağır, çətin prosesdir. Biz bu prosesin iştirakçılarıyıq, onun çətinliyini hamı bilməlidir.

Təbiidir, biz istəyirik ki, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quraraq bütün sahələri inkişaf etmiş ölkələrin, Avropa ölkələrinin standartları səviyyəsinə çatdıraq. İnanın, biz bunu istəyirik. Biz buna doğru gedirik. Bütün tədbirlərimiz də məhz bu istiqamətə yönəlibdir. Ancaq siz də bilməlisiniz və ümumiyyətlə, ölkədən kənarda da hamı bilməlidir ki, bu ağır və çətin bir prosesdir.

Keçmiş Sovetlər İttifaqına məxsus olan ölkələrin hamısında bu proses gedir. Amma çətin gedir, ağır gedir. Mən Azərbaycanın nailiyyətlərini şişirtmək istəmirəm. Ancaq Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının araşdırmalarına görə, bir çox sahələrdə Azərbaycanın göstəriciləri Müstəqil Dövlətlər Birliyinə daxil olan başqa ölkələrin göstəricilərindən üstündür. Ancaq onlar bizi də qane etmir, sizi də. Biz çalışırıq və bundan sonra da çalışacağıq ki, inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaq üçün Azərbaycanda tərəqqi daha da sürətləndirilsin. Ancaq bilmək lazımdır: bunların hamısını bir gündə, bir ayda, bir lidə etmək mümkün deyildir. Buna həm zaman lazımdır, həm də iradə, inam lazımdır. Zaman bizdən asılı deyildir. Ancaq iradə, inam özümüzdən asılıdır. Hamı bilməlidir ki, Azərbaycan dövlətində, Azərbaycan hakimiyyətində bu iradə, bu inam var. Bu iradə ilə, bu inamla da biz bütün işlərimizi görürük. Bəzən bizim ölkəmizi inkişaf etmiş dövlətlərlə müqayisə edirlər. Orada korrupsiya bu qədərdir, sizdə bu qədərdir... Birincisi, mən bildirmək istəyirəm ki, harada nə qədər korrupsiya olduğunu heç kim bilmir. Korrupsiyanın bir üzdə olan tərəfi var, bir də altda. Özü də heç yerdə bir ölçü yoxdur ki, biləsən korrupsiya harada hansı dərəcədədir. Ancaq təbiidir ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə, demokratiya sahəsində inkişaf etmiş ölkələrdə korrupsiya azdır. Mən heç də deyə bilmərəm ki, yoxdur. Ancaq keçid dövrünü yaşayan ölkələrdə - bir ölkədə o birindən çox, digərində o birindən az korrupsiya vardır. Korrupsiyanı inkar emək mümkün deyildir. Korrupsiya ilə mübarizə etmək lazımdır. Mübarizə də Azərbaycanda gedir və gedəcəkdir. Buna heç kəsin şübhəsi olmasın. Bizim iqtisadi tədbirlərimizin də çoxu, - əgər onları yaxşı həyata keçirə bilsək, - məhz korrupsiyanın qarşısını ala biləcəkdir. Başqa vasitələrdən də istifadə olunacaqdır. Bunu hamı bilməlidir.

Mən hesab edirəm ki, burada çalışan iş adamları Azərbaycanın nailiyyətlərini öz ölkələrində təbliğ etməlidirlər. Bizim nöqsanlarımızı burada deyin, Azərbaycanda deyin, bizə deyin. Amma öz ölkənizdə deməyin. Nailiyyətlərimizi isə öz ölkənizdə təbliğ edin. Lazımdır ki, bizimlə iş görən adamlar Azərbaycanda biznes şəraitinin nöqsanları haqqında öz ölkələrində çox geniş söhbət aparmasınlar. Əksinə, təbliğ etmək lazımdır ki, sərmayəçilər Azərbaycana gəlsinlər. Biz də bütün bu tədbirlərimizlə nöqsanları aradan qaldırmağa çalışırıq. Sizinlə birlikdə bu nöqsanları aradan qaldırmalıyıq. Əgər siz olmasaydınız, xarici biznes Azərbaycanda olmasaydı, bu problemlər də olmazdı. Bu problemlər var, bu bizim ümumi işimizin nəticəsidir. Demək, bu problemləri biz həll etməliyik.

Problemlərin həll edilməsi üçün də, təbiidir ki, bir tərəfdən, səylərimizi artırmalıyıq, digər tərəfdən bizə zaman lazımdır. Məsələn, neft sektorunda bizim apardığımız işləri görürsünüz. Böyük problemlər yoxdur. Mən orada korrupsiyanı da görməmişəm, hiss etməmişəm. Başqa mənfi hallar da orada yoxdur, bəlkə də azdır. Mən bunu xarici neft şirkətləri ilə və yaxud da müqavilələrin həyata keçirilməsinə cəlb olunmuş şirkətlərlə işin timsalında bildirmək istəyirəm. Bunlar çox böyük, formalaşmış şirkətlərdir. Onlar öz təcrübələrini Azərbaycana gətiriblər. Bu sahədə biz müsbət mənzərəni görürük.

Ancaq digər sahələrdə mənzərə bundan fərqlidir. Əksər hallarda mənfiliyinə görə fərqlidir. Bunlar bizim problemlərimizdir. Biz bunları həll etməliyik və inana bilərsiniz ki, həll edəcəyik. Arzumuz ondan ibarətdir ki, əməkdaşlıq etdiyimiz hər bir ölkədə Azərbaycanda bugünkü biznes şəraiti haqqında, ölkəmizin daxili ictimai-siyasi vəziyyəti haqqında doğru-düzgün, obyektiv məlumat verilsin. Təəssüflər olsun ki, xırda faktlardan çox böyük fikirlər yaradırlar. Bu da bizə lazım deyildir. Biz özümüz sizinlə birlikdə nöqsanlarımızı yaxşı bilirik. Bu iki görüş Azərbaycan Prezidenti kimi şəxsən mənə çox şeyləri məlum etdi. Bir də deyirəm, ona görə də mən bu görüşlərdən məmnun oldum.

Mövcud nöqsanları biz birgə aradan qaldırmalıyıq. Biz Azərbaycanda biznes mühitini daha da sağlam etməliyik, şəffaflığı təmin etməliyik. Bütün bürokratik əngəlləri aradan qaldırmalıyıq, hamımız bir yerdə korrupsiya ilə ciddi mübarizə aparmalıyıq.

Təbiidir ki, biz hakimiyyət olaraq bunları etməliyik. Bizimlə əməkdaşlıq edən hər bir qurum, təşkilat, hər bir firma da bizə yardım etməlidir, bizimlə bərabər mübarizə aparmalıdır. Bəzi hallar var ki, onlarla bəlkə də bir gün yox, bir ay yox, bir il yox, uzun müddət mübarizə aparmaq lazımdır. İnsanlar bəzi mənfi hərəkətlərə öyrəniblər. Onların çoxu artıq başqa cür işləyə bilmir. Ona görə də insanların bu psixologiyasını dəyişmək üçün biz hələ çox iş görməliyik. Ancaq mən inanıram ki, biz bu işləri görməyə qadirik, bu işləri görürük və görəcəyik.

Azərbaycanın Prezidenti kimi mən onu bildirmək istəyirəm ki, ölkəmizdə biznesin və o cümlədən xarici biznesin inkişafını Azərbaycanın iqtisadiyyatını təmin edən əsas amillərdən biri kimi görürəm.

Biznes indi iqtisadiyyatın aparıcı qüvvəsidir. Ona görə də mən bu sahəyə daim diqqət yetirmişəm, yetirirəm və bundan sonra da yetirəcəyəm. Hər bir iş adamı, - xarici ölkədən gəlmiş, yaxud Azərbaycan vətəndaşı, - bilsin ki, Azərbaycanın Prezidenti kimi mən onun sağlam iş görməsinin himayədarıyam. Bu himayədarlığı daim edəcəyəm. Hər bir iş adamına, sağlam iş görən iş adamına mənim daim qayğım olacaqdır. Hər bir iş adamının iş görməsi üçün şəraitin yaxşılaşdırılmasını özümün əsas vəzifələrimdən biri hesab edirəm.

Əmin ola bilərsiniz ki, mənim bu siyasətim, bu əməli fəaliyyətim bundan sonra da davam edəcəkdir. Mən Azərbaycanın gələcək inkişafını, gələcəyini demokratiyanın inkişafında görürəm. Azərbaycanın inkişafını bazar iqtisadiyyatının inkişafında görürəm. Bu istiqamətdə indiyə qədər gördüyümüz işləri davam etdirəcəyik və daha da sürətlə irəliyə gedəcəyik.

Mən sizin hamınıza bu görüşə görə bir daha təşəkkür edirəm. Hər birinizə cansağlığı, işlərinizdə uğurlar arzulayıram.

Sağ olun.

(Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə gurultulu, sürəkli alqışlarla qarşılandı).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin