RƏSMİ XRONİKA


AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVƏ MOSKVA DÖVLƏT UNİVERSİTETİNİN FƏXRİ DOKTORU DİPLOMUNUN TƏQDİM EDİLMƏSİ MƏRASİMİ

Yanvarın 25-də Azərbaycan Prezidenti Heydər Əliyev Moskva Dövlət Universitetinə gəldi. Dövlətimizin başçısını universitetin rektsoru Viktor Sadovniçi səmimiyyətlə qarşıladı.

Bu dünya şöhrətli ali məktəbin böyük iclas salonunda Rusiyanın ilk universitetinin – Moskva Dövlət Universitetinin əsasının qoyulması gününə və Azərbaycan Prezidenti Heydər Əliyevə MDU-nun fəxri doktoru adı verilməsinə həsr edilmiş mərasim keçirildi.

MDU-nun rektoru mərasimi açaraq, həmin gün universitetin ikiqat bayramı olduğunu vurğuladı və Azərbaycan Prezidenti Heydər Əliyevi səhnəyə dəvət etdi. Salona toplaşanlar respublikamızın rəhbərini hərarətlə qarşıladılar.

Viktor Sadovniçi mərasim iştirakçılarını və bu ali məktəbin məzunlarını – Dövlət Dumasının sədri Gennadi Seleznyovu, Rusiya hökuməti sədrinin müavini İlya Klebanovu, Moskvanın meri Yuri Lujkovu, təhsil naziri Vladimir Filippovu, habelə xarici ölkələrin Moskvada akkreditə olunmuş səfirlərini, SSRİ xalq artisti Lyudmila Zıkinanı və digər fəxri qonaqları səhnəyə dəvət etdi. Sonra MDU-nun rektoru universitetin yaradılması günü münasibətilə böyük nitq söylədi.

Rektor Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə universitetin fəxri doktoru adının verilməsi haqqında Elmi Şuranın qərarını oxuyaraq dedi:

- Moskva Universiteti Elmi Şurasının hörmətli üzvləri, hörmətli təntənəli iclas iştirakçıları!

Bu gün mənə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyeviç Əliyevə Moskva Universitetinin fəxri professoru diplomunu təqdim etmək şərəfi nəsib olmuşdur.

Çox hörmətli Heydər Əliyeviç, Moskva Universitetinin Elmi Şurası Sizi bu ada layiq görməklə, xalqlarımız və ölkələrimiz arasında münasibətlərin, elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına Sizin görkəmli töhfənizi qeyd etmişdir.

Çox hörmətli Prezident! Moskva Universiteti üçün bu əlamətdar gündə mən Sizin parlaq yaradıcılıq işinizin çox sahələrindən birini xüsusi vurğulamaq istərdim. Sizin bütün parlaq və səmərəli həyatınız və dövlət fəaliyyətiniz ölkəmizin tarixi ilə qırılmaz surətdə bağlıdır. Siz SSRİ-nin rəhbərlərindən biri olarkən, 1982-1987-ci illərdə Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən ölkəmizdə elmin və təhsilin inkişafı üçün çox işlər görmüsünüz. Siz Nazirlər Sovetinin xüsusi məsələlər üzrə bürosuna başçılıq edərkən Moskva Universitetinə dəfələrlə böyük kömək göstərmisiniz.

Bu, ölkəmizdə və dünyada Moskva Universitetinin əhəmiyyətini və rolunu qiymətləndirməyinizin təzahürü idi. Bu gün Sizi Moskva Universitetinin ali mükafatı ilə təltif etməklə yanaşı, biz əminik ki, Siz Azərbaycan Respublikasının Prezidenti olaraq ölkənizdə təhsilə, elmə və universitetin fəaliyyətinə böyük yardım göstərəcəksiniz . Biz əminik ki, Sizin Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinlə mütəmadi və səmərəli görüşləriniz gələcəkdə həm elm və təhsil sahəsində ölkələrimizin daha da yaxınlaşmasına, həm də iqtisadi inteqrasiya işinə xidmət edəcəkdir.

Biz bu xeyirxah işdə Sizə böyük məmnuniyyətlə kömək edirik və bundan sonra da edəcəyik. Bildirmək istəyirəm ki, hazırda Moskva Universitetində Azərbaycandan gəlmiş 100-dən artıq tələbə və aspirant təhsil alır. Onların ən yaxşıları bu gün buradadır, Moskva Universitetinin bütün kollektivi ilə bir yerdə Sizin səfərinizi alqışlayırlar.

Çox hörmətli cənab Prezident, ənənəyə uyğun olaraq, icazə verin, bu salona toplaşanların önündə Sizə iki sual verim: Siz sülh ideallarını həmişə müdafiə etməyə və xalqlarımız arasında dostluğu möhkəmləndirməyə hazırsınızmı?”

HEYDƏR ƏLİYEV: Hazıram.

VİKTOR SADOVNİÇİ: Siz elmin və təhsilin çiçəklənməsinə həmişə xidmət etməyə hazırsınızmı?

HEYDƏR ƏLİYEV: Tamamilə hazıram.

Sonra VİKTOR SADOVNİÇİ dövlətimizin başçısına Moskva Universitetinin fəxri professoru diplomunu və medalını təqdim edərək dedi: “Moskva Universitetinin fəxri professor diplomu. Lomonosov adına Moskva Dövlət Universitetinin Elmi Şurası öz yığıncağında qərara almışdır: Rusiya-Azərbaycan münasibətlərinin və elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişafında böyük xidmətlərinə görə Əliyev Heydər Əliyeviçə Moskva Universitetinin fəxri professoru adı verilsin, bu ad ona qanun və adətlə müəyyən olunmuş hüquqları, hörmət və imtiyazları təmin edir”.

X X X

Azərbaycan Prezidenti mərasimdə nitq söylədi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin