REGİONLAR
Daşkəsəndə güclü külək bəzi evlərin dam örtüyünü uçurub VİDEO
Daşkəsən, 27 avqust, Rauf Hacıyev, AZƏRTAC
Avqustun 26-da Daşkəsəndə axşam saatlarından başlayan güclü qasırğa rayonun yaşayış binalarına, şəxsi evlərə, həmçinin nəqliyyat infrastrukturuna ciddi ziyan vurub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin bir neçə ağac aşıb, elektrik və rabitə xətləri qırılıb, rayona elektrik enerjisinin verilişi kəsilib, avtomobillərin hərəkətində çətinliklər yaranıb.
Güclü külək Daşkəsən şəhərində 10-dan artıq yaşayış və sosial-inzibati binanın dam örtüyünə də ciddi ziyan vurub. Səməd Vurğun küçəsi 15, Şah İsmayıl Xətai küçəsi 3 nömrəli yaşayış binalarının isə dam örtüyünü taxta konstruksiyaları ilə birlikdə tamamilə yararsız hala salıb.
AZƏRTAC xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev təbii fəlakət baş vermiş ərazilərdə olub, zərər çəkmiş sakinlərlə görüş keçirib.
Hidrometeorologiya stansiyasının verdiyi məlumata görə, hadisə zamanı küləyin sürəti saniyədə 33-37 metr təşkil edib. Yağışla müşayiət olunan güclü külək Daşkəsənin mərkəzində, o cümlədən rayonun Xoşbulaq, Əhmədli kəndlərində, Yuxarı Daşkəsən qəsəbəsində və digər yaşayış məntəqələrində çoxsaylı yaşayış və sosial-inzibati binalara, xüsusilə də rayonun elektrik təsərrüfatına böyük ziyan vurub.
Gecə saatlarından başlayaraq görülən tədbirlər nəticəsində səhər saat 05:00 radələrinədək rayon mərkəzində elektrik enerjisinin verilişini bərpa etmək mümkün olub.
Hazırda rayon icra hakimiyyətinin daxili imkanları hesabına digər yaşayış məntəqələrində təbii fəlakətin vurduğu ziyan aradan qaldırılır.
Fövqəladə Hallar Nazirliyinin və rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi istiqamətində fəaliyyətlərini davam etdirirlər.