CƏMİYYƏT
9 May - Qələbə Günü münasibətilə Madriddəki Fuenkarral xiyabanında tədbir keçirilib
Madrid, 9 may, AZƏRTAC
Mayın 9-da Rusiya Federasiyasının İspaniyadakı səfirliyinin təşəbbüsü ilə 9 May - Qələbə Günü münasibətilə Madrid şəhərindəki Fuenkarral xiyabanında tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun da iştirak etdiyi tədbirdə çıxış edənlər faşizm üzərində qələbənin keçmiş sovet xalqının tarixi qələbəsi olduğunu bildirərək bu zəfərin əldə olunmasında göstərilmiş şücaətlərdən bəhs edib.
Tədbirdə çıxış edən səfir A.Məhərrəmov Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbəyə əhəmiyyətli töhfələr verdiyini, 600 mindən çox azərbaycanlının cəbhəyə yola salındığını, onlardan 300 mindən çoxunun döyüşlərdə həlak olduğunu, müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 170 mindən çox əsgər və zabitimizin müxtəlif orden və medallarla təltif edildiyini bildirib. Şanlı Qələbənin əldə edilməsində Bakı neftinin əvəzsiz töhfəsinin olduğu xüsusi olaraq qeyd edilib.
Daha sonra tədbir iştirakçıları İkinci Dünya müharibəsi zamanı həyatını itirmiş Sovet hərbçilərinin xatirəsinə ucaldılmış abidənin qarşısına əklil qoyulub.
Tədbirin davamı olaraq Mühacirətdə olan İspanlar Assosiasiyasının təşkilatçılığı ilə İkinci Dünya müharibəsi zamanı həyatını itirmiş ispanların xatirəsinin yad edilməsi məqsədilə anım mərasimi keçirilib.
Mərasimdə çıxış edən İspaniya Krallığının ədliyyə naziri Dolores Delqado ispan xalqının faşizm və nasizm üzərində qələbəyə mühüm töhfə verdiyini, vahid, demokratik Avropanın bərqərar olunmasının asan başa gəlmədiyini qeyd edib. D.Delqado 60 min nəfərdən ibarət beynəlxalq korpusun İspaniyaya gələrək nasizm ideologiyasının tərəfdarlarına və dövlət çevrilişinə cəhd edənlərə qarşı mübarizə apardığını və bunun təqdirəlayiq hal olduğunu bildirib.
Sonda tədbir iştirakçıları Avropanın nasizm və faşizmdən azad edilməsi uğrunda həyatlarını itirmiş ispanların xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar.
Nigar Cəfərli
AZƏRTACın xüsusi müxbiri
Madrid