SİYASƏT
AAGT-ın bir qrup üzvü ABŞ Konqresində keçirilən konfransda iştirak etmişdir
Vaşinqton, 1 avqust (AZƏRTAC). Amerikanın Azərbaycanlı Gənclər Təşkilatından (AAGT) AZƏRTAC-a verilən məlumatda bildirilir ki, təşkilatın bir qrup üzvü ABŞ Konqresində keçirilən “Uşaqlarımıza verdiyimiz vədləri saxlayaq” mövzusuna həsr olunmuş konfransda iştirak etmişdir. AAGT nümayəndələri konfrans çərçivəsində ABŞ Konqresinin üzvləri - sabiq spiker xanım Nənsi Pelozi, xanım Loretta Sançez, Xavyer Beserra və Brəd Şermanla görüşmüşlər. Ölkə qanunvericiləri ilə söhbət zamanı Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarında qanunsuz insan trafinkinqi barədə məlumat verilmiş, bu yaxınlarda Tovuz rayonu ərazisində 13 yaşlı azərbaycanlı qızın ermənilər tərəfindən qətlə yetirilməsi konqresmenlərin diqqətinə çatdırılmışdır.
Konfransda “Millətləri Birləşdirən Uşaqlar” təşkilatının prezidenti, dövlət katibi Hillari Klintonun prezidentliyə seçki kampaniyasının sabiq direktoru, ABŞ-ın yəhudi icmasının direktorlar şurasının üzvü Dafna Edvards Zelman AAGT-ın nümayəndələrinə “Boz Zona” adlı kitabını hədiyyə etmişdir. Gənclərimiz xanım Zelmana Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr etdirilən kitabları təqdim etmişlər.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
######