CƏMİYYƏT


ƏƏSMN tərəfindən onlayn satışa çıxarılan mənzillərdən 1322-si bron edilib

ƏƏSMN tərəfindən onlayn satışa çıxarılan mənzillərdən 1322-si bron edilib

Bakı, 24 yanvar, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yanvarın 23-dən ms.sosial.gov.az portalı üzərindən onlayn satışa çıxarılan 1662 mənzildən 1322-si artıq bron edilib.

AZƏRTAC-ın sorğusuna cavab olaraq nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, sözügedən mənzillər keçmiş məcburi köçkünlər üçün tikilən, ancaq Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar şəxslərin mənzil məişət şəraitinin yaxşılaşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilmiş 5 yaşayış kompleksindəki istifadəsiz qalan mənzilləri əhatə edir.

Mənzillər Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarında yerləşir.

“Online satış prosesi əvvəldən də elan edildiyi kimi 2023-cü il yanvarın 23-də başlanıb və qeyd edilən 1662 mənzili əhatə edib. Bu anadək vətəndaşlarımız tərəfindən 1322 mənzil bron edilib, proses davam edir. Satış prosesi cari il iyulun 1-nə kimi qüvvədə olacaq”,- deyə nazirlikdən bildiriblər.

Nazirlik mənzilləri bron etmiş şəxslərin nəzərinə çatdırır ki, bron etdikləri vaxtdan 10 gün ərzində nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən onların hər biri ilə fərdi qaydada əlaqə saxlanılacaq və mənzilin alqı-satqı vaxtı və yeri barədə onlara məlumat veriləcək; portalda seçdiyi mənzili bron etmiş şəxs tərəfindən həmin mənzilin dəyəri tam ödənilərək notarial qaydada alqı-satqı müqaviləsi imzalanacaq; alqı-satqı prosesi bitdikdən sonra mənzil həmin vətəndaşın mülkiyyətinə veriləcək; bir mənzili 3 şəxs bron edə bilər, əgər ilk bron etmiş şəxs həmin mənzili almaqdan imtina etdikdə və ya onunla alqı-satqı prosesi baş tutmadıqda, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə keçəcək.

Hər biri çıxarışlı və tam təmirli olan mənzillər istifadə olunmayıb və onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar. Hər kəs satılan mənzillərdən istədiyi sayda mənzil ala bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.