CƏMİYYƏT
AAYDA tərəfindən on ayda 68 min 637 müxtəlif növ ağac və kol bitkisi əkilib VİDEO
Bakı, 21 noyabr, AZƏRTAC
Ekoloji balansın bərpası, ətraf mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) diqqətdə saxladığı mühüm məsələlərdən biridir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə avtomobil yollarının mühafizə zolağında yaşıllıqların salınması, bərpası və becərilməsi sahəsində işlər sürətlə davam etdirilir.
Məlumata əsasən, avtomobil yollarının təhkim zolağında cari ilin yanvar-noyabr aylarında 68 min 637 müxtəlif növ ağac və kol bitkisi əkilib. 2020-2021-ci illərdə əkilən ağac və kol bitkilərinin sayı isə ümumilikdə 258 min 157 ədəddir.
Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 milyon 399 min 649 çoxillik ağac mövcuddur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 18,8 hektar ərazidə yaradılmış 9 tinglik sahədə yetişdirilən 274 min 924 müxtəlif növ ağac və kol bitkisi əkin üçün istifadə edilib. Hazırda bu tinglik sahələrində 121 min 346 ağac və kol bitkisi yetişdirilir.