CƏMİYYƏT
“ABAD” 3 yaşını qeyd edir
Bakı, 23 sentyabr, AZƏRTAC
“ABAD” (Ailə Biznesinə ASAN Dəstək) publik hüquqi şəxs 3 yaşını qeyd edir. Qurum Prezident İlham Əliyevin 2016-cı il 23 sentyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.
“ABAD”dan AZƏRTAC-a bildiriblər ki, onun yaradılmasında məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.
“ABAD”, həmçinin ailə təsərrüfatlarına biznes-planlaşdırma, avadanlıqla təchizedilmə, marketinq, təlimlər, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım, daşınma, logistika və ən əsası satışın təşkili kimi təmənnasız xidmətlər göstərir.
“ABAD” tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri həyata keçirilir. Layihə çərçivəsində istehsal olunmuş məhsulların üzərində istehsalçı ailənin adı ilə yanaşı, məhsulun “ABAD”ın nəzarəti altında hazırlandığını göstərən müvafiq nişan yerləşdirilir.
“ABAD” pilot layihə olaraq fəaliyyətə Masallı rayonunda 7 təsərrüfatçı ailə ilə başlayıb. Hazırda Azərbaycanın 39 bölgəsindən 394 “ABAD”çı, mikro, kiçik və orta sahibkar “ABAD”ın dəstək proqramına qoşulub. Yaradılan 40-a yaxın qida brendi ölkənin ən iri hipermarketlərində yerləşən “ABAD” bakaleyalarında təqdim edilir. Dekorativ-tətbiqi xalq sənətkarlıq nümunələri isə “ABAD” etno-butiklərində satışa çıxarılır.
Bu ilin sonunadək Tovuz “ABAD” Factory (Bitkilərin Emalı və Qurudulması Fabriki), Qubada qablaşdırma müəssisəsi, yeni “ABAD” Məktəbi və Nardaran “ABAD” Keramika və Dekorativ-Tətbiqi Xalq Sənətkarlığı Mərkəzinin açılışı nəzərdə tutulur.