REGİONLAR
“ABAD” Masallıda ailə biznesi ilə məşğul olan 6 sahibkara istehsal avadanlığı verib
Masallı, 8 may, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar silsilə tədbirlərini davam etdirir.
AZƏRTAC xəbər verir ki, belə tədbirlərdən biri Masallı şəhərindəki “ASAN həyat” kompleksində, Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ABAD” publik hüquqi şəxsin Masallı regional mərkəzində keçirilib. Mərkəz tərəfindən rayonda ailə biznesi ilə məşğul olan üç ailəyə monoblok-konteynerlər şəklində zəruri istehsal avadanlığı verilib. Pendir, ət məhsulları, cem və mürəbbə istehsalı üçün nəzərdə tutulan bu avadanlıq ailə təsərrüfatlarına artıq öz məhsullarını kustar şəkildə deyil, bütün standartlara cavab verən şəraitdə istehsal etməsinə imkan yaradacaq.
“ABAD” ailə təsərrüfatlarının istehsal etdiyi məhsulların brendləşdirilməsi, qablaşdırma və dizaynların tərtib olunması kimi işləri də həyata keçirir. Bu ailələrin istehsal etdiyi məhsulların “bir pəncərə” prinsipi əsasında sertifikatlaşdırılması və satışı da “ABAD” tərəfindən təşkil olunur.
Qeyd edək ki, “ABAD” publik hüquqi şəxs Azərbaycan Prezidentinin 2016-cı il 23 sentyabr tarixli Fərmanı ilə yaradılıb və ilkin mərhələdə pilot layihə olaraq Masallı rayonunda fəaliyyətə başlayıb. Məqsəd kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.
Layihə çərçivəsində indiyədək Masallıda ailə biznesi ilə məşğul olanların birinə pendir, ikisinə ət, üçünə isə cem-mürəbbə məhsullarının istehsalı üçün nəzərdə tutulmuş ümumilikdə 6 monoblok-konteyner verilib.