REGİONLAR


“ABAD” mərkəzləri ailə təsərrüfatlarına yaxından kömək göstərir

Balakən, 22 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən icra olunan “Ailə Biznesinə ASAN Dəstək” – ABAD layihəsi Azərbaycan reallığında yeni bir sosial innovasiyadır. Əsas məqsəd kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına, regional inkişafa dəstək verməkdir.

AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 22-də Balakən şəhərində fəaliyyət göstərən “ABAD Mərkəz”inə təşkil olunan mediaturda məlumat verilib.

Mediatur iştirakçıları əvvəlcə Mərkəzdə yaradılan şəraitlə yaxından tanış olublar.

“ABAD” mərkəzlərinin fəaliyyəti barədə məlumat verən qurumun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elvin Şirinov bildirib ki, “ABAD” publik hüquqi şəxs Prezident İlham Əliyevin 2016-cı il 23 sentyabr tarixli Fərmanı ilə yaradılıb və ilkin mərhələdə pilot layihə olaraq Masallı rayonunda fəaliyyətə başlayıb. “ABAD” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən, ikinci pilot region kimi Balakən rayonu seçilib. Diqqətə çatdırılıb ki, layihə çərçivəsində Balakən rayonunda 12 ailə seçilərək onlara monoblok-konteynerlər şəklində zəruri istehsal avadanlığı təqdim olunub.

Bildirilib ki, Balakən “ABAD”çılarının istehsal etdikləri məhsullar artıq paytaxt Bakı şəhərində satışa çıxarılıb. Bu məhsullar “ABAD” tərəfindən ailələr üçün yaradılmış brend adı və dizayn altında təqdim olunur. Satışa çıxarılan ailə brendlərindən “Balməkan”, “Dənə-dənə” (Bazarovların ailə təsərrüfatı), “Yay səbəti” (Əliyevlərin ailə təsərrüfatı), “Bağımızın bəhrəsi” (İbrahimovların ailə təsərrüfatı) və digər məhsullar qısa müddətdə artıq alıcıların marağına səbəb olub.

Vurğulanıb ki, bu gün kiçik və orta sahibkarlığın biznes-konsaltinq, marketinq, maliyyə, hüquqi yardım və satışların təşkili xidmətlərinə ehtiyacı var. Yeni yaradılan “ABAD” mərkəzləri bu xidmətlərin göstərilməsində ailə təsərrüfatlarına yaxından kömək göstərir.

Sonra mediatur iştirakçıları Balakən şəhərində İbrahimovlar ailəsinə məxsus monoblok-konteynerdə cem və mürəbbə məhsullarının, həmçinin Katex kəndində Şamsi Şabanovaya məxsus konteynerdə kolbasa məhsullarının hazırlanması prosesi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.