REGİONLAR
ABAD qəbələli gənc sənətkara dəstək olub VİDEO
Bakı, 23 dekabr, AZƏRTAC
Ailə biznesinə ASAN dəstək devizi ilə fəaliyyət göstərən ABAD-ın dekorativ-tətbiqi sənətkarlıq üzrə köməyini əsirgəmədiyi gənclərdən biri də Qəbələ rayon sakini Fidan Məmmədlidir. Gənc olmasına baxmayaraq, o, 10 ildən çoxdur ki, dekorativ-tətbiqi sənətkarlığın rəssamlıq istiqaməti üzrə işləyir, taxta suvenirlərin üzərində müxtəlif rəsmlər çəkir.
AZƏRTAC xəbər verir ki, Fidan Məmmədli əsasən milli ornamentlər, nar və xalça naxışlarını, həmçinin milli geyimli insan fiqurlarını taxta üzərində canlandırır.
Fidan xanım deyir ki, gənc yaşlarından dekorativ-tətbiqi sənətkarlığa meyl göstərib: “Ətrafda gördüyüm mənzərələri kağıza köçürür, akvarellə müxtəlif illüstrasiyalar çəkirdim. Zamanla öz istəyimin arxasınca getmək qərarına gəldim və ali təhsilimi də bu sahə üzrə aldım”.
Onun sözlərinə görə, ABAD-a qoşulmasında məqsəd indiyədək gizli qalan istedadını tanıtmaq və məhsullarının satışını təşkil etməkdir.
Hazırda onun əl işləri ABAD sənətkarlıq mərkəzlərində təqdim olunur.
Qeyd edək ki, ərzaq məhsullarının istehsalı və dekorativ-tətbiqi xalq sənətkarlığı istiqamətləri üzrə fəaliyyət göstərən ailə təsərrüfatlarına ASAN dəstək konsepsiyası - ABAD publik hüquqi şəxs kimi 2016-cı il sentyabrın 23-də yaradılıb.