REGİONLAR
“ABAD”a qoşulan Qusar sakini hobbisindən gəlir əldə edəcək VİDEO
Qusar, 14 fevral, Elxan Yusifli, AZƏRTAC
“ABAD”a yeni qoşulan Qusar şəhər sakini Zarina Mirzəliyeva müxtəlif ölçülü muncuqlardan istifadə etməklə bəzək əşyaları, aksesuarlar və portretlər hazırlayır. Xalçaçılığa böyük həvəsi olan qusarlı xanım bu işə hobbi kimi yanaşır. ABAD layihəsinə qoşulandan sonra isə hobbisindən qazanc götürmək imkanı əldə edəcək.
Zarina Mirzəliyeva AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, iki ilə yaxındır bu işlə məşğuldur. Hazırladığı bəzək əşyalarının maraqla qarşılandığını görən xanım əl işlərinin sayını artıraraq rayonda keçirilən sərgilərə qatılıb. Muncuqlardan hazırladığı aksesuarların bir hissəsini sosial şəbəkələr vasitəsilə satışa da çıxarıb.
“Artıq “ABAD”çı olmaq üçün müraciət etmişəm. Hazırda sənədləşmə işləri aparılır. Bu layihəyə qoşulmaq mənə əlavə imkanlar yaradacaq. Hazırladığım əl işləri daha geniş alıcı kütləsinə təqdim olunacaq”, - deyə Z.Mirzəliyeva bildirir.
Zarina günün böyük hissəsini əl işlərinin hazırlanmasına sərf edir. Bu işi görmək üçün böyük səbr lazımdır. Bəzək əşyalarının hazırlanmasında ən vacib elementlər isə şüşə muncuqlar və ipək saplardır. Kiçik aksesuarlara iki-üç gün, muncuqlardan ibarət 0,5 kvadratmetr ölçüdə portret və ya xalçanın hazırlanmasına isə 2-3 ay vaxt sərf olunur.
Qeyd edək ki, ərzaq məhsullarının istehsalı və dekorativ-tətbiqi xalq sənətkarlığı istiqamətləri üzrə fəaliyyət göstərən ailə təsərrüfatlarına ASAN dəstək konsepsiyası - ABAD publik hüquqi şəxs kimi 2016-cı il sentyabrın 23-də yaradılıb.