REGİONLAR


“ABAD”çı Günel Hüseynova əl işlərinin üzərində milli naxışlarımızı əks etdirməyə üstünlük verir

Sumqayıt, 25 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC

2005-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirən Bakı şəhər sakini Günel Hüseynova 2006-cı ildə ailə quraraq Sumqayıta köçüb. 34 yaşlı gənc “ABAD”çının yaradıcı düşünmə qabiliyyətinin formalaşmasında valideynlərinin böyük rolu olub. Valideynləri balaca Günelin sənətə marağını nəzərə alaraq, onu toxuculuq, xalçaçılıq, dərzilik və rəssamlıq kurslarına göndəriblər. Keçə sənətinə yiyələnərək, bu sahə üzrə peşəkarlaşan Günel buna görə valideynlərinə borcludur.

AZƏRTAC-ın müxbiri Günel Hüseynova ilə görüşüb, söhbət edib.

Günel Hüseynovanın 2016-cı ilin iyun ayında Sumqayıtdakı Heydər Əliyev Mərkəzində sərgilənən əl işləri “ABAD”ın art direktoru İradə Əmiraslanovanın diqqətindən qaçmayıb. O, gənc xanımı “ABAD”çılar ailəsinə dəvət edib.

Keçə sənətinə dair müxtəlif əl işləri hazırlayan Günel Hüseynova toxuculuqdan və kiçik uşaqlar üçün oyuncaqlar hazırlamaqdan da zövq aldığını deyir. Hazırladığı məhsullar üzərində milli naxışlarımızı əks etdirməyə üstünlük verir.

İncə zövqlü, yaradıcı düşüncə sahibi olan Günel özü haqqında həvəslə danışır: “2016-cı ildən Sumqayıt Dövlət Rəsm Qalereyasında çalışıram. Burada müxtəlif mövzularda ustad dərsləri keçirəm. Məqsədim uşaqları əl işlərinə həvəsləndirməklə, onları informasiya texnologiyaları ilə dolu həyatın mənfi təsirlərindən uzaqlaşdırmaqdır. Bununla yanaşı, öz fərdi fəaliyyətimi də davam etdirirəm, yəni, sərgilərə hazırlaşıram”. O, oktyabrın 25-28-də İçərişəhərdə, Dörd qala meydanında keçirilən satış-sərgidə müxtəlif xarici ölkələrdən gələn keçə sənətinin ustaları ilə birlikdə ustad dərsləri keçdiyini bildirdi.

“Çalışıram ki, vaxtımı boş keçirməyim. Həyat o qədər qısadır ki, onun hər dəqiqəsini doldurmaq lazımdır. Mən bunu yeni əl işləri hazırlamaqla doldurmağa çalışıram”, - deyən Günel Hüseynova bir çox beynəlxalq sərgilərin iştirakçısı olub və əl işləri böyük maraqla qarşılanıb.

Artıq 3 ildir peşəkar fəaliyyətə başlayan Günel əl işlərini “ABAD” publik hüquqi şəxsin sənətkarlıq mərkəzlərində satışa çıxarır.

Onun hədəfi Azərbaycanın milli atributlarını xarici vətəndaşlara çatdıraraq, ölkəmizin mədəniyyətinin nə qədər zəngin olduğunu göstərməkdir. “Əl işlərimin əhalimiz və xarici qonaqlar tərəfindən nə qədər maraqla qarşılandığı görəndə böyük fəxr duyuram və hər keçən günün məni hədəfimə bir addım daha yaxınlaşdırdığını hiss edirəm”, - deyə o vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.