İQTİSADİYYAT
ABƏŞ-LƏ MÜQAVİLƏ İMZALANMIŞDIR
Xəzər regionunda fəaliyyət göstərən “MakDermott Kaspian Kontraktorz, İnk.” (MKKİ) Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin genişmiqyaslı işlənilməsi layihəsinin 2-ci Fazası üçün nəzərdə tutulmuş üst tikililərin inteqrasiya olunmuş göyərtələrinin hazırlanmasına, habelə “Azəri” yataği ilə Səngəçal terminalını birləşdirən 28 düyməlik magistral qaz kəmərinin tikintisinə dair Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə müqavilələr imzaladığını elan etmişdir.
Təxminən 41 ay üçün nəzərdə tutulan bu iki müqavilənin ümumi dəyəri 390 milyon ABŞ dollarıdır.
MKKİ-nin istehsalat işlərinin həcmi “Qərbi Azəri” və “Şərqi Azəri” yataqları platformalarının hər birinin çəkisi təxminən 16 min ton olan üst göyərtələrinin hazırlanmasını əhatə edir. Hər iki göyərtədə qazma avadanlığı, yaşayış bloku, elektrik enerjisi istehsalı qurğuları və başqa texnoloji avadanlıq və digər istehsal obyektləri quraşdırılacaqdır. Boru kəmərinin tikintisi üzrə işlərə “Mərkəzi Azəri” platformasından Səngəçaldakı sahil terminalınadək 187 kilometrlik qaz kəmərinin çəkilməsi daxildir.
Üst tikililərin komponentlərinin hazırlanmasına 2003-cü ilin mart ayında xaricdə başlamaq nəzərdə tutulur. Həmin ilin mayında başlanacaq istehsalat işləri isə, əsasən, Bakı “Şellayihətikinti” zavodunun infrastrukturundan, avadanlığından və işçi qüvvəsindən istifadə edilməklə həyata keçiriləcəkdir.