İQTİSADİYYAT
“ABB-Gürcüstan” səmərəli və şəffaf fəaliyyətinə görə Gürcüstanın bank sektorunda qalib olub
Tbilisi, 11 noyabr, AZƏRTAC
“Azərbaycan Beynəlxalq Bankı (ABB)-Gürcüstan” 2016-cı ildə səmərəli və şəffaf fəaliyyətinə görə Gürcüstanda bir neçə nominasiyanın qalibi olub.
“ABB-Gürcüstan” bu ölkədə 1995-ci ildən fəaliyyət göstərən “GeorgianTimes” media holdinq və GORBİ ictimai rəy və marketinq araşdırma şirkətinin rəyləri, eləcə də hökumət rəsmiləri, QHT-lər və müstəqil ekspertlər arasında aparılan rəy sorğusuna əsasən qalib seçilib.
Bank şəffaflıq, daimi tərəqqi, hərtərəfli bank xidmətləri və ictimai məsuliyyət göstəricilərinə görə, universal və dinamik inkişaf edən bank standartları əsasında etibarlılıq və müasir bank sisteminin yüksək dərəcəsi nominasiyalarının qalibi olub.
Mükafatın təqdimat mərasimində bildirilib ki, “ABB-Gürcüstan” ölkənin bank sektorunda aparıcı yerlərdən birini tutur, iri korporativ müştərilər üçün əsas müştəri bazasıdır. 2016-cı ildə daha böyük uğurlara imza atan bank müştəri bazasını daha da genişləndirmək və daha böyük nailiyyətlər qazanmaq niyyətindədir.
“ABB-Gürcüstan”ın rəhbəri Emil Abasbəyli çıxışında onlara göstərilən bu etimada görə təşkilatçılara təşəkkür edib. Bildirib ki, bankın belə bir mükafata layiq görülməsi iki dost və qardaş ölkə olan Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə xidmət edir. “ABB-Gürcüstan” bundan sonra da səmərəli fəaliyyət göstərməklə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsinə, dostluq münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verəcək.
Digər qalibləri də təbrik edən E.Abasbəyli deyib ki, rəhbərlik etdiyi qurumun fəaliyyətində şəffaflıq, dinamik inkişaf, etibarlılıq əsas yer tutub və bu siyasət dəyişməyəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi