SİYASƏT
ABDULLAH GÜL: AZƏRBAYCANDA DEMOKRATİK PROSES İRƏLİLƏYİR
AZƏRTAC-ın müxbiri Ankaradan xəbər verir ki, Türkiyə Baş nazirinin müavini və xarici işlər naziri Abdullah Gül jurnalistlərə müsahibəsində İlham Əliyevin Azərbaycanın Baş naziri təyin edilməsi ilə əlaqədar fikrini açıqlayaraq demişdir: “Azərbaycan dost və qardaş ölkədir. Azərbaycanda demokratik proses irəliləyir. Təkcə onu demək lazımdır ki, Azərbaycan Avropa Şurasının üzvüdür. Bu isə ölkənin demokratiya yolu ilə inkişaf etməsinin göstəricisidir”. O, Türkiyənin Azərbaycanda gedən demokratik prosesləri dəstəklədiyini bildirmişdir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ankarada Gülhanə Hərbi Tibb Akademiyasındakı müalicəsinin davam etdiyini nəzərə çarpdıran Türkiyə Respublikası Baş nazirinin müavini və xarici işlər naziri Abdullah Gül dövlətimizin başçısına şəfalar diləmişdir.