ELM VƏ TƏHSİL


“ABİTURİYENT” JURNALININ NÖVBƏTİ NÖMRƏLƏRİ BURAXILMIŞDIR

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “Abituriyent” jurnalının 11-ci və 12-ci nömrələri çapdan çıxmışdır.

Jurnalın 11-ci nömrəsi bu il ali məktəblərə qəbul zamanı imtahanlarda 600-dən yuxarı bal toplamış 385 nəfər gəncə həsr olunmuşdur. Onların 102 nəfəri 1-ci qrupun, 171 nəfəri 4-cü qrupun, 1 nəfəri isə 5-ci qrupun abituriyentidir. Bundan əlavə, yüksək bal toplayanlardan bir nəfəri Polis Akademiyasına, üç nəfəri Ali Hərbi Məktəbə, bir nəfəri Milli Təhlükəsizlik Akademiyasına qəbul olmuşdur.

Jurnal TQDK-nın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ilə açılır. Nömrəyə ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır. Xüsusən, aparıcı qüvvə, hər bir ölkənin, hər bir millətin aparıcı qüvvəsi onun bilikli nümayəndələridir. Onun yüksək biliyə, yüksək ixtisasa malik olan insanlarıdır” sözləri epiqraf seçilmişdir.

Jurnalda yüksək nəticə göstərmiş abituriyentlərin bioqrafiyası, ailələri, valideynləri haqqında məlumat, bu gənclərlə məxsusi müsahibələr verilmişdir. Gənclərin suallara cavabları onların təcrübələrinin öyrənilməsi üçün çox faydalıdır.

...12-ci nömrə 2003-2004-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr edilmişdir. Burada ali məktəblərin reytinqi, fənlər üzrə göstəricilər, məzunları yüksək nəticə göstərmiş rayonlar, ən yaxşı məktəblər haqqında məlumat almaq mümkündür. Bundan əlavə, maraqlananlar 1992-2003-cü illərin müqayisəli təhlilləri, orta statistik abituriyentin portreti, müsabiqə vəziyyətinin şərhi ilə də tanış ola bilərlər.

Nömrə M. Abbaszadə, T.Bədəlov, A. Bağırov və O.Şelaginovun məqaləsi ilə açılır. Məqalədə builki qəbulun nəticələri geniş təhlil olunur. Elə buradaca maraqlı statistik bir məlumat diqqəti cəlb edir. Öyrənirik ki, TQDK bu il respublikanın 26 dövlət və 12 özəl ali məktəbinə, ixtisaslaşdırılmış 3 ali məktəbinə və ixtisaslaşdırılmış 2 orta ixtisas məktəbinə, 51 dövlət, 4 özəl orta ixtisas təhsili məktəbinə tələbə qəbulu keçirmiş, imtahanlarda 69 min 451 abituriyent iştirak etmişdir. Son 11 ildə ilk dəfə olaraq abituriyentlərin dörddə üç hissəsini cari ilin məzunları təşkil etmişdir. Ali məktəblərə 24 min 115 gənc qəbul olmuş, qəbul planı 87,81 faiz yerinə yetirilmişdir.

Jurnalda, həmçinin məlumat verilir ki, qəbulla bağlı bütün məlumatlar operativ qaydada TQDK-nın İNTERNET saytı vasitəsilə də işıqlandırılmışdır. İmtahanlara 4801 nəzarətçi, 312 imtahan rəhbəri cəlb olunmuşdur. Hər bir ali məktəbin qəbul kampaniyasındakı reytinqi də təyin edilmişdir. Ən yüksək reytinqə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası malikdir. Ən yüksək müsabiqə isə BDU-nun “Psixologiya” ixtisasına olmuşdur. Belə ki, bu ixtisas üzrə bir plan yerinə 196-197 ərizə verilmişdir. Yüksək ballıların nisbi sayına görə bu il Bakı, Sumqayıt, Mingəçevir, Əli Bayramlı şəhərlərinin, Şəki, Neftçala, Masallı, Salyan rayonlarının göstəriciləri daha yüksəkdir. Son 9 ilin nəticələrinə əsasən, Xətai rayonunun 245, Səbail rayonunun 160 nömrəli məktəbləri liderdir.

Oxucular “Abituriyent”in hər iki nömrəsində digər maraqlı məlumatlarla da tanış ola bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.