İQTİSADİYYAT


“ABŞERON” DƏNİZ BLOKUNUN İŞLƏNİLMƏSİ ÜZRƏ ANLAŞMA MEMORANDUMU İMZALANMIŞDIR

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, fevralın 8-də ARDNŞ-lə və Fransanın “Total” şirkəti arasında “Abşeron” dəniz blokunun işlənilməsi üzrə Anlaşma Memorandumu imzalanmışdır. Memoranduma əsasən tərəflər 12 ay ərzində əsas kommersiya prinsipləri və hasilatın pay bölgüsü şərtləri haqqında müqaviləni razılaşdırmalı və imzalamalıdırlar.
“Abşeron” dəniz blokunun işlənilməsi layihəsi vaxtilə xitam verilmiş layihələrdəndir. 1997-ci ilin avqust ayında ABŞ-ın “Şevron”, Fransanın “Total” şirkətləri və ARDNŞ arasında bu layihə üzrə Hasilatın Pay Bölgüsü Sazişi imzalanmış, həmin ilin dekabrında saziş qüvvəyə minmişdi. Sazişə əsasən “Şevron” 30 faiz, “Total” 20 faiz, ARDNŞ isə 50 faiz paya malik idi. Saziş çərçivəsində bir quyu qazıldıqdan sonra xarici şirkətlər layihənin kommersiya cəhətdən sərfəli olmadığını bildirərək, ikinci quyunu qazmaqdan imtina etmiş və Azərbaycan tərəfinə müvafiq kompensasiya ödəmişdilər. 2005-ci ildə həmin sazişə xitam verilmişdi.
“Total” şirkətinin yenidən “Abşeron” dəniz blokunun işlənilməsi layihəsinə maraq göstərməsi vaxtilə kommersiya baxımından səmərəsiz hesab edilmiş strukturların zəngin karbohidrogen ehtiyatlarına malik olduğunu bir daha sübuta yetirir. Qeyd etmək lazımdır ki, vaxtilə bağlanmış və müxtəlif mülahizələrlə xitam verilmiş digər perspektivli strukturlar üzrə layihələr də son vaxtlar nüfuzlu xarici neft şirkətlərinin diqqətini yenidən cəlb etməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.