SİYASƏT
ABŞ AZƏRBAYCANA BÖYÜK STRATEJİ ƏHƏMİYYƏT VERİR
Avropa və Avrasiya ölkələrinə Amerika yardımının əlaqələndiricisi Tomas Adams martın 27-də ABŞ Senatının beynəlxalq məsələlər komitəsindəki çıxışında demişdir: “ABŞ zəngin enerji ehtiyatlarına malik, İranla həmsərhəd, mühüm coğrafi-siyasi məkanda yerləşən və regionda ABŞ-ın mənafelərini etibarlı şəkildə müdafiə edən islam dövləti kimi Azərbaycana xüsusi maraq göstərir”.
Vaşinqtondan AZƏRTAC-a daxil olan xəbərə görə, Tomas Adams ABŞ hökumətinin 2004-cü ildə Azərbaycana 41,5 milyon dollar həcmində yardım göstərmək niyyətini açıqlamışdır. Onun sözlərinə görə, Birləşmiş Ştatlar hökuməti Azərbaycan iqtisadiyyatının neftdən asılılığını azaltmaq üçün bu vəsaitin özəl sektorun, energetika sahəsində islahatların, habelə aqrar sektorun inkişafına yönəldilməsini nəzərdə tutur. Bundan əlavə, ABŞ-ın maliyyə yardımı hesabına məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, bank və vergi islahatlarının aparılması, gömrük və sərhədlərin mühafizəsi sahəsində proqramların həyata keçirilməsi davam etdiriləcəkdir. Azərbaycana dəniz sərhədinin mühafizəsinin gücləndirilməsi üçün texniki yardım da göstəriləcəkdir.
ABŞ-ın Ermənistana yardımına gəldikdə isə (2004-cü maliyyə ilində bu, 49,5 milyon dollar olacaqdır) Tomas Adams demişdir: “Konqres tarixən bu ölkəyə hökumətdən daha çox vəsait ayırır”. O bildirmişdir ki, ABŞ-ın həmin yardımı, ilk növbədə, Ermənistan hökumətinin korrupsiyaya qarşı mübarizəsinə və İnternetə geniş şəkildə qoşulmasına yönəldiləcəkdir.