SİYASƏT
ABŞ AZƏRBAYCANDA PREZİDENT SEÇKİLƏRİNİN BEYNƏLXALQ STANDARTLARA UYĞUN KEÇİRİLƏCƏYİNƏ ƏMİNDİR
“Amerika Birləşmiş Ştatları Azərbaycanda oktyabrda prezident seçkilərinin yeni qəbul olunan Seçki Məcəlləsinə, ölkə Konstitusiyasına və beynəlxalq standartlara uyğun keçirilməsində maraqlıdır”. Bu fikri ABŞ Dövlət Departamentinin gündəlik brifinqində mətbuat katibi Riçard Bauçer bəyan edib. AZƏRTAC-ın xüsusi müxbiri Vaşinqtondan xəbər verir ki, oktyabr seçkilərini çox mühüm seçkilər kimi qiymətləndirən Bauçerin sözlərinə görə, ABŞ ümid edir ki, qeydiyyata alınmadan tutmuş seçkilərədək bütün proses Azərbaycanın seçki qanununa və ATƏT-in standartlarına tam cavab verəcəkdir. Bu prosesə bütün uyğun namizədlərin qeydiyyata alınması, ictimai debatlar üçün imkan yaradılması, tərəflərin mediaya eyni çıxışının təmin edilməsi və səsvermənin azad və ədalətli yolla keçirilməsi daxildir. Riçard Bauçer qeyd edib ki, Amerikanın bu mövqeyi həm hakimiyyət, həm də digər siyasi dairələrə çatdırılacaqdır.