SİYASƏT
ABŞ AZƏRBAYCANIN İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİNDƏ NARKOTİK XASSƏLİ BİTKİLƏRİN BECƏRİLMƏSİNDƏN VƏ NARKOTİK VASİTƏLƏRİN NƏQLİNDƏN NARAHATDIR
“Azərbaycanın Ermənistan tərəfindən zəbt edilmiş torpaqları narkotik xassəli bitkilərin becərilməsi, İranla nəzarətsiz sərhəd isə narkotik vasitələrin nəqli üçün istifadə olunur.” Azərbaycan hökumətinin bu bəyanatı ABŞ Dövlət departamentinin builki «Beynəlxalq narkotik maddələrə nəzarət strategiyası» adlı hesabatında öz əksini tapmışdır. Amerika tərəfi bu bəyanatın müstəqil təsdiqini əldə etməsə də, Azərbaycanın həmin ərazilərində narkotik xassəli bitkilərin becərilməsindən və narkotik vasitələrin nəqlindən narahatdır.
Dövlət departamentinin fikrincə, ölkəmizin Əfqanıstandan və Mərkəzi Asiyadan Qərbi Avropaya, İrandan Rusiyaya narkotik maddələrin qanunsuz nəqli marşrutunda tranzitə çevrilməsi sabiq Yuqoslaviya respublikalarındakı münaqişələr üzündən qırılan «Balkan marşrutu»nun yoxluğu ilə izah edilməlidir. Dövlət departamenti Azərbaycanda narkotik maddələrin istehlakının çoxaldığını bildirməklə yanaşı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində qəti tədbirlər gördüyünü də qeyd edir. Hesabatda baş nazirin müavini Əli Həsənovun rəhbərlik etdiyi Dövlət Komissiyasının işi, Daxili İşlər Nazirliyinin ötən il keçirdiyi «Xaşxaş” əməliyyatı və digər tədbirlər vurğulanır. Dövlət departamenti etiraf edir ki, yerli polis qüvvələrinin lazımi avadanlığının və müasir təcrübəsinin çatışmaması narkotik vasitələrin nəqlinin qarşının alınmasında çətinlik törədir. İran-Azərbaycan sərhədindəki nəzarət imkanlarının səviyyəsi də problemi aradan qaldırmağa imkan vermir.
Hesabatda daha sonra vurğulanır ki, Azərbaycan narkotrafikin qarşısının alınmasında Qara dəniz və Xəzər dənizi hövzəsi ölkələri ilə əməkdaşlıq edir. Yerli hüquq mühafizə orqanları Rusiya ilə əməkdaşlıqdan razılıq edirlər, lakin İranın müvafiq orqanlarından lazımi dəstək ala bilmirlər. Ötən il ABŞ və Azərbaycanın hüquq mühafizə orqanları arasında məlumat mübadiləsi və əməkdaşlıq yaxşılaşmış, “Azadlığa Dəstək Aktı”nın 907-i maddəsinin qüvvəsi dayandırıldıqdan sonra müvafiq sahəyə yardım proqramları çoxalmışdır. Bu il yanvarın 3-də isə Amerika və Azərbaycan arasında hüquq mühafizə və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması sahəsində əməkdaşlığa dair razılaşma imzalanmışdır. Sənədə əsasən, bu ildən ABŞ bir neçə yardım proqramına başlayır. Azərbaycan hökuməti ilə birgə kriminal məlumat sisteminin müasirləşdirilməsinə, hüquq mühafizə orqanlarında təlim və mübadiləyə dair proqramlar həyata keçiriləcəkdir.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton