SİYASƏT
ABŞ AZƏRBAYCANIN MÖVQEYİNİ DƏSTƏKLƏYİR
İyul ayının 23-də Xəzər dənizində baş vermiş insidentdən sonra İran İslam Respublikasının hərbi təyyarələri Azərbaycanın hava sərhədini pozmağa bir necə dəfə cəhd göstərib. Bununla bağlı ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəsmi nümayəndəsi AZƏRTAC-ın müxbirinin sualını şərh edərkən bildirmişdir ki, Dövlət Departamenti İranın iyul ayının sonundan bəri Azərbaycanın hava sərhədlərini pozması haqqında bir sıra məlumatları dəqiqləşdirərək təsdiqləyibdir. Dövlət Departamenti belə addımların təxribat xarakterli olduğunu hesab edir, bunlar Xəzərdə sərhədlərin müəyyənləşdirilməsi probleminin sülh yolu ilə nizama salınması səylərinə ziddir. Amerika rəsmisi demişdir: “Dəfələrlə bəyan etdiyimiz kimi, ABŞ Xəzəryanı dövlətlərin dəniz sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı apardığı danışıqları dəstəkləyir. Biz, bölgənin bazaryönlü iqtisadi inkişafını və Xəzərin enerji ehtiyatlarının beynəlxalq sərmayələr və mövcud sazişlər əsasında iqtisadi cəhətdən səmərəli şəkildə işlənilməsini tam dəstəkləyirik. Biz, bu məqsədə aparan yolda münaqişə yox, danışıqlar vasitəsini seçən Azərbaycanı və digər dövlətləri qəti olaraq dəstəkləyirik”.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
ABŞ