İQTİSADİYYAT


ABŞ AZƏRBAYCANIN MÖVQEYİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİR

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, fevralın 7-də ARDNŞ prezidenti Rövnəq Abdullayev ABŞ Dövlət Departamentinin Avrasiya üzrə böyük məsləhətçisi Stiven Mənn ilə görüşmüşdür.
ARDNŞ prezidenti son dövrdə Azərbaycanın neft-qaz sənayesində baş vermiş yeniliklər barədə qonağa ətraflı məlumat vermişdir. Azərbaycanın enerji dəhlizlərinin normal işlədiyini, Bakı-Tbilisi-Ceyhan kəməri ilə gündəlik neft ixracı həcminin 600 min barrelə çatdırıldığını, eyni zamanda dəmir yolu daşımaları sahəsində böyük uğurlar qazanıldığını qeyd edən Rövnəq Abdullayev, ölkəmizin Qazaxıstan neftini qəbul və ixrac etməyə tam hazır olduğunu qonağın diqqətinə çatdırmışdır. O, Rusiyadan qaz idxalı dayandırıldıqdan sonra ölkəmizdə yanacaq-enerji sektorundakı vəziyyətə toxunaraq demişdir ki, mazut rejiminə keçməklə maliyyə itkisinə məruz qalsaq da, biz ölkəmizin enerji təhlükəsizliyinin tam təmin olunduğunu bütün dünyaya sübut edə bilmişik. R.Abdullayev bildirmişdir ki, Azərbaycan təbii qazının Avropaya ixrac ilə bağlı Qərb şirkətləri ilə danışıqlar aparıldığını qeyd etmişdir.
Stiven Mənn Azərbaycanın zəngin enerji potensialına malik olduğunu vurğulayaraq demişdir ki, ABŞ hökuməti Azərbaycan Prezidenti İlham Əliyevə böyük hörmətlə yanaşır və onun enerji daşıyıcılarının Avropanın ehtiyaclarının ödənilməsinə yönəldilməsi ilə bağlı mövqeyini yüksək qiymətləndirir.
Daha sonra S.Mənn Xəzər dənizi hövzəsində həyata keçirilən enerji layihələrinin birinci mərhələsinə böyük uğurla yekun vurulduğunu və ikinci mərhələyə qədəm qoyduğunu vurğulamışdır. Həmin mərhələ ilə bağlı bu günlərdə Astanada apardığı danışıqlar haqqında məlumat verən S.Mənn, Azərbaycanın irəli sürdüyü təşəbbüslərin, həmişə olduğu kimi, yeni mərhələdə də öz dövləti tərəfindən dəstəklənəcəyini bəyan etmişdir.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.